FİFA prezidentliyinə namizədliyini irəli sürən 4 nəfərdən ikisi iddiasından geri çəkilmək fikrindədi. Apasport.az saytının məlumatına görə, söhbət Hollandiya Futbol İttifaqının rəhbəri Mixael van Praaq və Portuqaliya yığmasının keçmiş futbolçusu Luiş Fiqudan gedir.
Həm Praaq, həm də Fiqu namizədliklərini geri çəkməklə, Əli ibn Əl-Hüseynin rəhbər seçilmək şansını artırmaq istəyirlər. Tərəflər hazırkı prezident Yozef Blatterin postunda qalmasının qəti əleyhinədilər. Onlar bu yolla Blatterin 5-ci dəfə FİFA prezidenti seçilməsinə mane olmaq niyyətindədilər.
Bununla bağlı fikirlərini bölüşən Praaq məsələni öz aralarında danışacaqlarını bildirib: “Bu məsələni mətbuatda müzakirə etmək fikrim yoxdu. Görüşəndə öz aramızda danışacağıq. Mümkün variantdı”.
Fiqunun isə məsələyə münasibəti bu cür olub: “Həyatda hər şey mümkündü. Heç kim bilmir ki, sabah nə olacaq?”.
Qeyd edək ki, FİFA prezidentliyinə seçkilər mayın 29-da keçiriləcək.