Topaz Premyer Liqasının XXV turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, turun 5 qarşılaşmasında qırmızı vərəqə qeydə alınmasa da, “sarı” limitini dolduranlar artıq indidən fasiləyə yollanıblar.
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə öncəsi baş tutacaq sonuncu – XXVI turu çempionatın ən yaxşı bombardiri Nelson Bonilla da buraxacaq. “Qəbələ” ilə səfər matçında dublla “Zirə”nin 2:1 hesablı qələbəsində əsas pay sahibi olan salvadorlu 4-cü sarı vərəqəsini alıb.
Bu, onun AZAL-la matçda iştirakını əngəlləsə də, dəvət aldığı millisinin oyunlarına tez yollanmaq imkanı verib. Şimali Amerikaya uzaq səfər edib, ölkəsinin əsas komandasının DÇ-2018-in seçmə mərhələsindəki 2 görüşündə oynamalı olan Bonilla artıq indidən də vətəninə yollana bilər.
“Zirə” kimi “Xəzər Lənkəran” da ciddi itki ilə üzləşib. “Kəpəz”lə qarşılaşmada (0:2) xəbərdarlıq alan Orxan Sadıqlı “İnter”lə ev oyununda komandasının qapısını qoruya bilməyəcək.
“Sumqayıt” isə Slavik Alxasovu itirib. “Qarabağ”la matçda (0:2) sarı vərəqə limitini dolduran futbolçu “Rəvan”la görüşü buraxacaq. Autsayder də bu oyuna itki ilə çıxacaq. Paytaxt klubu “İnter”lə qarşılaşmada (1:3) cəzalanan Kənan Müslümovun xidmətindən məhrum olub.