Böyükağa Hacıyev: Komanda hələ tam komplektləşməyib
21.06.2014 - 08:49
Böyükağa Hacıyev: Komanda hələ tam komplektləşməyib

“Çixura” ilə oyun çox pis hava şəraitində keçdi. Meydançanın durumu tam oynamağa imkan vermirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

Təcrübəli mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Gürcüstanın “Çixura” klubu ilə keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Sizə deyim ki, gənclərdə istək təcrübəlilərə nisbətən daha çoxdur və onlar bunu meydançada hiss etdirirlər. Təcrübəli futbolçularımız hazırlığa nisbətən gec qatıldığından, gənclərin fiziki hazırlığı onlara nisbətən daha yaxşıdır. Əgər Cavid İmamverdiyev penalti zərbəsindən, eləcə də Nicat Qurbanov və Ruslan Qurbanov qol imkanlarından istifadə etsəydi, böyük hesabla qalib gələ bilərdik. Ümumiyyətlə isə komandanın bir həftəlik hazırlığından sonra oynadığı futboldan razıyam”.

Hacıyev heyətin hələ tam komplektləşmədiyini bildirib: “Bununla belə, komanda hələ tam komplektləşməyib. Çünki bəzi xətlərdə yeni futbolçular mövcuddur. Məsələn, Kaue Sessilyonun adaptasiya keçməsi üçün bir az zamana ehtiyac var. Elvin Bədəlovu Elvin Yunuszadə ilə bir xətdə oynadırıq. Ayın 25 və 27-də də keçirəcəyimiz yoxlama oyunlarından sonra komanda komplektləşəcək və Avstriyadakı təlim-məşq toplanışına gedəcək heyətdə Avroliqada iştirak edəcək komanda məlum olacaq. Əsas odur ki, “Neftçi” heyətini qoruyub saxlaya bilib. Bu heyətlə daha yaxşı futbol oynayacağıq”

Qeyd edək ki, “Neftçi” – “Çixura” oyunu 1:1 hesabı ilə başa çatıb.

0