Millimizin sabiq hücumçusu Branimir Subaşiç formasını geyindiyi “Manisaspor” klubunda problemlə üzləşib. Apasport.az saytının xəbərinə görə, serbiyalı futbolçu Türkiyənin I dəstə təmsilçisində keçirdiyi 5 oyunda yalnız bir qol vuran forvard komandadan ayrılmaq istəyir.
O, “Manisaspor”un idman direktoru Erman Gürücarla görüşərək müqaviləni qarşılıqlı şəkildə pozmaq fikrindədi: “5 oyundur qol vura bilmirəm. Komandaya gözlənilənləri vermədim. Bu səbəbdən özümü yaxşı hiss etmirəm. Aldığım pulları geri qaytara bilərəm. Müqaviləni qarşılıqlı şəkildə poza bilərik”.
Lakin rəhbərlik serb əsilli futbolçunu komandadan göndərmək istəmədiyini və hələ bundan sonra “Manisaspor”a xeyir verə biləcəyini deyib.
Qeyd edək ki, yay “transfer pəncərəsi” zamanı “Orduspor”dan “Manisaspor”a keçən Branimir Subaşiç yalnız Türkiyə I liqasının son turunda “Antalysaspor”la oyunda qol vura bilib.