Başa çatan 2014/15 mövsümündə Almaniya Bundesliqasının ən yaxşı oyunçusunun və baş məşqçisinin kimliyi bəlli olub. Apasport.az saytının məlumatına görə, “Volfsburq”un yarımmüdafiəçisi Kevin de Brün mövsümün ən yaxşı oyunçusu seçilib.
Belçikalı futbolçu başa çatan futbol ilində meydana çıxdığı 34 oyunda 10 qol vurub, 21 dəfə isə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.
Mövsümün ən yaxşı baş məşqçisi isə Münhenqladbax “Borussiya”sının çalışdırıcısı Lyüsen Favr seçilib. Favrın komandası bu mövsüm Bundesliqada 3-cü yeri tutaraq həm mükafatçılar sırasında yer alıb, həm də birbaşa Çempionlar Liqası qrup mərhələsində oynamağa haqq qazanıb.