Burak Yılmaz qayıdır?
15.06.2017 - 20:27
Burak Yılmaz qayıdır?

Türkiyə millisinin və Çinin “Beijinq Quoan” klubunun hücumçusu Burak Yılmaz tezliklə vətənə qayıda bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

 

Xəbərdə Burakın Çində çox darıxdığı və yenidən ölkəsində top qovmaq istədiyi qeyd edilib. Hücumçunun xidmətində Super Liqanın son iki mövsümünü çempion kimi başa vuran “Beşiktaş”ın maraqlı olduğu deyilir. “Qartallar”ın baş məşqçisi Şenol Günəşin 31 yaşlı forvardın xidmətində maraqlı olması vurğulanıb. “Beşiktaş” Türkiyə millisinin üzvünü icarəyə götürmək istəyir.

 

Çində illik 8 milyon avro maaş alan Burak, İstanbul təmsilçisindən illik 4 milyon avro tələb edib. “Beşiktaş”ın isə hücumçuya illik 3 milyon avro maaş və şans qazandığı hər oyun üçün qonorar sözü verdiyi qeyd edilib. Hazırda Türkiyədə olan Yılmazın “ağ-qaralar”a keçməyə istəkli olduğu, lakin “Beiyinq Quoan”ın son mövsümdə yaxşı oyun sərgiləyən hücumçusunu buraxmaq istəmədiyi deyilir.

 

Qeyd edək ki, Burak Yılmaz daha əvvəl - 2006-2008-ci illər aralığında “Beşiktaş”ın şərəfini qoruyub.