Ceyhun Sultanov: Pulsuz “Bakı” can yandırır, bizim futbolçular oynamırlar
13.04.2015 - 10:29
Ceyhun Sultanov: Pulsuz “Bakı” can yandırır, bizim futbolçular oynamırlar

“İstefa verməmişəm. Sadəcə, bir az istirahətə ehtiyacım var”. Bunu apasport.az saytına “Sumqayıt” klubunun meneceri Ceyhun Sultanov deyib.

 

Topaz Premyer Liqasının XXIX turunda “Bakı” ilə oyundakı qolsuz bərabərlik sabiq yarımmüdafiəçiyə pis təsir edib. Odu ki, Sultanov stress keçirib və səhhətində problem yaranıb: “Bakı” ilə oyunda çox əsəbiləşdim. Pulsuz komanda ürəyini ortaya qoyub, can yandırır, heç bir problemi olmayan bizim futbolçular mübarizə aparmırlar, oynamırlar. Hər istəkləri yerinə yetirilir, pullarını vaxtlı-vaxtında alırlar. Amma məşqsiz meydana çıxan “Bakı” ilə bacarmırlar. O qədər əsəbləşmişdim ki, artıq səhhətimdə problem yarandığını hiss etdim. Bu səbəbdən də dincəlmək üçün rəhbərlikdən bir neçə günlük icazə aldım”.

 

Ceyhun Sultanov “Sumqayıt”dan ayrılacağını da istisna etməyib: “Bir-iki günə gedib rəhbərliklə görüşəcəm. Ondan sonra komandada qalıb-qalmayacağım məlum olacaq”.

 

Ruslan SADIQOV