Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının açılışına cəmi 3 gün qalır. Bir qədər irəli gedərək deyə bilərəm ki, “Fransa-98”dən sonra bizi maraqlı və rəngarəng çempionat gözləyir. Nədən məhz “Fransa-98”?
Bizim, yəni yeni nəslin qəlbində 1998-ci il Fransada keçirilən dünya çempionatının özünəməxsus və unudulmaz yeri var. Biz bir çox ilki “Fransa-98”də gördük, “Fransa-98”də yaşadıq... Qısa süjetdə olsa da, “Fransa-98”i xatırlamaq pis olmaz.
Hər oyundan əvvəl Fransa yığmasının kapitanı Loran Blanın qapıçı Fabyen Bartezin keçəlindən öpməsi bizlər üçün ilk mistika sayıla bilərdi. Blansız Bartezin qapısını qoruduğu Fransa sonralar qızıl həsrətiylə yaşadı.
Rumıniyalı futbolçuların hamılıqla saçlarını rəngləməsi (özü də sarı rəngdə) bizlər üçün “Heç kişi də saçını rəngləyərmi?” stereotipini dağıtdı.
Nigeriya yığmasının İspaniya millisini əzmkarlıqla məğlub etməsi bizlər üçün qaraların ağlar üzərində “ilk” parlaq qələbəsi idi.
Argentinanın yarımmüdafiəçisi Ariel Orteqanın Hollandiya millisinin qapıçısı Edvin van Der Sarı kəlləylə çənəsinin altından vurması bizlər üçün real həyatda, milyonların gözü önündə bir kişinin digərini heç nədən çəkinməyərək vurmasının ilk nümunəsi idi. Cəzası yalnız qırmızı vərəqə oldu. Real həyatdan fərqli, bir növ, “ucuz kurtulmuşdu”.
İran yığmasının hücumçusu Həmid Estilinin düşmənləri, Amerika Birləşmiş Ştatlarının qapısına vurduğu qoldan sonra ağlamaq dərəcəsinə çatması bizlər üçün “Heç kişi də ağlayarmı?” ehkamını baltalamışdı.
Kristian Vyerinin Norveçin qapısına yol tapmasından sonra Alessandro del Pyeroyla qarşı-qarşıya oturub bardaş qurması bizlər üçün ekstaza çatmağın qeyri-adi forması idi.
Maykl Oven fenomeninin bizlər üçün uşaqların da bu işi bacaracağına ümid işığı yandırmışdı.
Xorvatiyalı Vlaoviçin Almaniya yığmasının torunu silkələdikdən sonra özündən razı şəkildə qol sevinci yaşaması bizlər üçün zəifin güclü üzərində möhtəşəm qələbəsi idi.
Bəlkə də, bundan qaynaqlandığından Vlaoviçin hərəkəti bizim üçün rituala çevrildi.
Ədəbiyyat üzrə Nobel Mükafatı laureatı, fransız yazıçı Alber Kamyunun “Taun” romanında Oran şəhərində vəba yayılandan sonra şəhərdə müvəqqəti qonaq olan Ramber Oranı tərk etmək üçün dəridən-qabıqdan çıxır. Məlum qaçış istəyi onu ispaniyalı qaçaqmalçılarla tanış edir. İspaniyalı qaçaqmalçılardan biri çıxılmaz vəziyyətdə olan Ramberə futbolu xatırlatmaqla, onu nikbin olmağa çağırır.
Futbolda bir qola, qol sevincinə görə, müxtəlif kombinasiyaların qurulduğunu xatırladır. Ramber bədbin formada cavabında həyatdan fərqli olaraq, futbolun 90 dəqiqə oynanıldığını söyləyir.
Amma bu 90 dəqiqənin içində nələr olmur, nələr yaşanmır ki... Bir tərəfdə iztirab, göz yaşı, qarşı tərəfdə sevinc, çılğınlıq... Həyatın özüdür ki, var!
Fərid MİRZƏYEV