Gənclər Liqasının 2015/16 mövsümündə çıxış edəcək 8 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrupuna vəsiqə qazanan “Bavariya” (Almaniya), PSV (Hollandiya) və “Olimpiakos” (Yunanıstan) gənclərin yarışında da təmsil olunacaq.
Bu klubların U-19 komandaları Gənclər Liqasının “Çempionlar Liqası yolu” şaxəsində iştirak edəcək.
UEFA reytinqində ilk 32 pillədə yer alan ölkələrin çempionlarından isə 5-i məlumdu. İlk dəfə “Çempionlar yolu” şaxəsi ilə mübarizəyə qoşulacaq komandalar arasında Azərbaycan da təmsil olunacaq.
Ölkəmiz üçün debüt mövsümündə Azərbaycanı “Rəvan” təmsil edəcək. Paytaxt klubunun I təsnifat mərhələsindəki 4 potensial rəqibi də məlumdu. Bunlar “Dinamo” (Minsk, Belarus), “Haken” (İsveç), “Liteks” (Bolqarıstan) və “Brann” (Norveç) klublarının U-19 komandalarıdı.