[b]Dorinel Muntyanu: ...istədiyim komandanı qurmaq çətin məsələdi[/b]
02.11.2014 - 00:04
[b]Dorinel Muntyanu: ...istədiyim komandanı qurmaq çətin məsələdi[/b]

“Araz-Naxçıvan”la matçın çətin olacağını bilirdik. Bilirsiz, Naxçıvanda meydança pis gündə idi. Belə bərbad ot örtüyündə normal futbol sərgiləmək çox çətindi. Yaxşı hücumlar təşkil etmək mümkün deyildi. Meydan sahibləri sonuncu pillədə qərarlaşdığından, xal qazanmağa çalışırdılar. Bütün bunlar matçın gərgin keçməsinə şərait yaratdı. Bir neçə qol epizodunu boşa verdik. Həmin imkanlardan yararlana bilsəydik, asanlıqlar istədiyim nəticəni əldə edərdik. Amma əsas odu 3 xal qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Dorinel Muntyanu deyib.

 

“Qəbələ” Topaz Premyer Liqasının XI turu çərçivəsində bu gün “Bakı”nı qəbul edəcək. Hesabat turunda Naxçıvan səfərindən 1:0 hesablı qələbə ilə dönən əyalət təmsilçisi autsayderlər sırasında qərarlaşan “zolaqlılar”la görüşdə də 3 xal qazanmaq niyyətindədi.

 

“Təbii, komandamız görüşə hazırdı. Məqsədimiz yalnız 3 xala sahib olmaqdı. Bütün oyunlara olduğu kimi, “Bakı” ilə qarşılaşmaya da ciddi hazırlaşmışıq” – deyə, Muntyanu bildirib.


 

“Qəbələ” hazırda turnir cədvəlinin IV pilləsində qərarlaşıb ki, Muntyanu buna görə narahat deyil: “Yeni qurulmuş komanda üçün nəticəni qənaətbəxş saymaq olar. Gələcəkdə “Qəbələ” azarkeşlərini bundan da yaxşı nəticələrlə sevindirəcəyik”.

 

Rumıniyalı mütəxəssis artıq 6 aya yaxındı ölkəmizdə çalışır. Maraqlıdı, 46 yaşlı çalışdırıcı bu müddətdə istədiyi komandanı qura bilibmi?

 

Muntyanunun fikrincə, yeni komanda qurmaq üçün vaxt lazımdı: “3-4 ay ərzində çempionluq uğrunda mübarizə apara biləcək komanda yaratmaq çətindi. Bəli, Qəbələdə şərait yaxşıdı. Komanda üçün nə lazımdırsa edilir. Amma qısa vaxt ərzində qızıl medallar üçün oynayan, Avropa Liqasında oynayan klub formalaşdırmaq xeyli vaxt aparır. Bu səbəbdən mənim Qəbələyə gəldiyim vaxtdan indiyədək olan dövrdə istədiyim komandanı qurmaq çətin məsələdi. Ancaq komandanın təməli qurulub, düşünürəm ki, yüksək nəticələr əldə edə biləcəyik”.

 

Bir müddət öncə Rumıniya mətbuatında yayılan xəbərlərdə milli komandanın baş məşqçisi postuna namizəd göstərilən Muntyanunun Buxarest “Dinamo”suna 10 avro borclu qalması bildirilirdi. Rumıniya Futbol Federasiyasından (RFF) dəvət aldığını deyən çalışdırıcı bildirib ki, hətta RFF rəhbərliyi ilə söhbəti də olub: “Ancaq “Qəbələ” ilə bağladığım müqaviləni nəzərə alıb, yığmanın baş məşqçisi olmaqdan imtina etdim. “Dinamo” ilə bağlı xəbərə isə münasibət bildirmək istəmirəm. Mən Azərbaycanda fəaliyyətə başlayanda da bu mövzu gündəmə gəlmişdi. Belə mənasız xəbərlərin haradan qaynaqlandığını bilmirəm”.