Braziliya yığmasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, Braziliya Futbol Konfederasiyası bu posta 50 yaşlı Dunqanın gətirildiyini açıqlayıb.
Dunqa 2006-cı ildə milliyə başçılıq edib. O, bu postda Karlos Alberto Pereyranı əvəz edib. 2010-cu il dünya çempionatının 1/4 finalında Hollandiyaya uduzandan sonra postunu tərk edib.
Dunya təyinatdan sonra azarkeşlərin pərişan olduğunu anladıqlarını bildirib: “Amma biz yenə də onların etibarını qazanacağıq. Mən arzuları satmıram. Biz vaxtilə dünyada ən yaxşı komanda olmuşuq. İndi həmin mövqeləri geri qaytarmalıyıq. Bunun üçün isə çox işləmək lazımdır”.
Dünqanın millini tərk etməsindən sonra onu bu postda Mano Menezes əvəz edib. 2012-ci ildə isə yığmanın rəhbərliyinə Luis Felipe Skolari gətirilib.
Braziliya yığması Dunqanın rəhbərliyi altında 2007-ci ildə Kopa Amerikanı, 2009-cu ildə isə Konfederasiya Kubokunu qazanıb. Bundan əlavə, Dunqa Braziliya yığması 1994-cü ildə çempion olan zaman komandanın kapitanı olub.