“Neftçi” və “İnter”in sabiq müdafiəçisi Dmitri Kruqlovla danışıqlar aparan “Rəvan”ın düşərgəsinə tək estoniyalı futbolçu qatılmayacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, slovakiyalı dayaq yarımmüdafiəçisi Kamil Kopunek də qısa müddətə Bakıda olacaq.
Maraqlıdır ki, yaxınlarda slovakiyalı müdafiəçi İvan Pexa ilə yolları ayıran “Rəvan” onun həmyerlisini Kruqlov kimi birbaşa müqaviləyə çağırır. Doğulduğu Trnavanın “Spartak” klubunun yetirməsi olan Kopunek 2002-2010-cu illərdə bu klubda çıxış edib. 2002-ci ilin yanvarında hələ 17 yaşı olanda bu klubda debüt etmək imkanı əldə edib. Kamil 2009-cu ilin oktyabrından isə bu komandanın kapitanı olub.
Nəhayət dayaq yarımmüdafiəçisi olan futbolçu 8,5 illik “Spartak” karyerasından sonra - 2010-cu ilin yayında ilk legioner karyerasına başlayıb. Düzdür, “Saturn”da işi yaxşı alınmayıb. Çünki Rusiya klubu 2011-ci ilin yanvarında borclarına görə dağılıb. O, həmin ilin yanvarın 31-də gözlənilmədən İtaliya A Seriyası təmsilçisi “Bari” ilə 6 aylıq müqavilə bağlayıb. Kamil debütünü martın 31-də “San Siro”da “Milan”a qarşı edib və bu matç 1:1 hesabı ilə başa çatıb. Mövsümün sonunda o, “Bari” ilə daha 3 illik müqavilə bağlasa da, 2012-ci ilin yanvarında qarşılıqlı şəkildə bu müqavilə pozulub. O, İtaliyada olduğu 1 il ərzində 18 oyun keçirib. 2012-ci ilin yanvarın 19-da Bratislava “Slovan”ı ilə müqavilə bağlayan Kopunek avqustda bu komandanı tərk edib və hazırda sərbəst futbolçudur.
Kopunek 2003-cü ildə Slovakiyanın U-20 komandası ilə Gənclərin dünya çempionatında bütün 4 qarşılaşmada iştirak edib. 2006-cı ilin martın 1-də isə əsas komandada debütünü “Stad de Frans”da Fransa ilə yoldaşlıq matçında edib və Slovakiya bu görüşdə gözlənilmədən 2:1 hesablı qələbə qazanıb. Hazırda 29 yaşı olan futbolçu ilk qolunu isə Avstriyada 2010-cu ilin mayın 29-da Kamerunla keçirdikləri görüşdə vurub. Futbolçu hesabı açsa da, görüş bərabərliklə (1:1) başa çatıb. O, CAR-da keçirilən mundiala da aparılan heyətdə olub. İtaliya ilə qrup matçı isə onu daha çox məşhurlaşdırıb. Belə ki, əvəzetmədən meydana daxil olan Kamil ilk toxunuşundaca komandasının 3-cü qolunu vurub və hesabı Slovakiyanın xeyrinə 3:1 edib. Görüşdə Slovakiya 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Kruqlovun da Kopunek kimi bu həftə “Rəvan”ın düşərgəsinə qoşulacağı gözlənilir. Estoniyalı futbolçu hazırda ölkəsinin “Levadiya” klubuna məxsus olsa da, xarici kluba keçməyində problem yaradılmayacaq. Dmitri hazırda millisinin martın 5-də Cəbəli-Tariq ilə yoldaşlıq oyununa çağırılıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”