2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin arxada qalan 10 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını tərtib edib.
Ötən ayla müqayisədə bombardirlər cədvəlinin ilk üç pilləsi dəyişməz qalıb. Qana millisinin futbolçusu Asamoa Qyan qol “maşınları”nın siyahısının zirvəsindəki yerini qoruyub. Afrikalı bu il yığmada 6, “Əl-Ayn”da (BƏƏ) 12 qol vurub. Hesabında 18 top olan Qyan portuqaliyalı Kriştianu Ronaldonu minimal fərqlə qabaqlayır. 17 qol vuran avropalı millidə 4, İspaniya “Real”ının heyətində 13 dəfə sevinib. Üçüncü yerdə qərarlaşan Neymar 16 dəfə fərqlənib. Braziliya yığmasının heyətində 13 qol vuran hücumçu “Barselona”da 3 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, milli komanda və qitə kuboklarında üst-üstə ən azı 7 qol vuranlardan ibarət cədvəldə 32 oyunçu yer alıb. Bu siyahıya Azərbaycan komandalarının üzvləri düşməyib.