[b]Əfsanə getdi: Puyol “Barselona”nı tərk edir[/b]
04.03.2014 - 20:30
[b]Əfsanə getdi: Puyol “Barselona”nı tərk edir[/b]

 

 

İspaniyanın “Barselona” futbol klubunun kapitanı Karles Puyol 2013/2014 mövsümünün sonunda komandanı tərk edəcək. Apasport.az saytının məlumatına görə, bu barədə müdafiəçi özü martın 4-də xüsusi olaraq çağırılan mətbuat konfransında bildirib.

 

Puyol bildirib ki, qərarına onun son zamanlar onu izləyən zədələr səbəb olub. Müdafiəçinin fikrincə, bu zədələr ona əvvəlki səviyyədə çıxış etməyə imkan vermir. Puyol onu da qeyd edib ki, “Barselona” ilə bundan sonra hələ 2 il davam etməli olan müqaviləsi qarşılıqlı anlaşma yolu ilə ləğv ediləcək.

 

Puyolun karyerasını başqa klubda davam etdirib-etdirməyəcəyi məlum deyil.

 

Qeyd edək ki, Karles Puyol İspaniya çempionatında bu mövsüm cəmi 5 dəfə meydana çıxıb, daha 4 dəfə ehtiyat oyunçular skamyasında oturub. Digər oyunları isə zədə səbəbindən buraxıb. 2012/2013 mövsümündə isə ümumilikdə klubun heyətində 22 rəsmi oyun keçirib.

 

35 yaşlı Puyol “Barselona”nın gənclər komandasına 17 yaşında – 1995-ci ildə gəlib. 1999-cu ildən əsas heyətdə oynayır. O, “Barsa” ilə altı dəfə İspaniya çempionu adını, iki dəfə ölkə kubokunu və üç dəfə Çempionlar Liqasını qazanıb.