“Saxneviçdən istədiyimi hələ tam ala bilməmişəm. Bir az vaxt verdim ki, komandaya uyğunlaşsın”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.
Düşərgədə baxışda olan ukraynalı cinah müdafiəçisi barədə fikirlərini bildirən baş məşqçi hələlik ondan razı qaldığını bildirib: “Hələ ki, xoşum gəlir. Hücumlara müntəzəm qoşulur, qapı qarşısına yaxşı ötürmələr verir. Amma son olaraq sürətini də görmək istəyirəm. Məşq zamanı bütün meydançadan istifadə etmədiyimiz üçün sürəti yoxlamaq mümkün olmur. Fikrim var ki, sabah ikitərəfli oyun keçirək. Saxneviçin ordakı çıxışından çox şey asılı olacaq. Ola bilsin elə sabah fikrimi bildirdim. Ən geci “Qəbələ” ilə aprelin 25-də keçirəcəyimiz çempionat matçına qədər yekun qərar veriləcək”.
Qeyd edək ki, 26 yaşlı Andrey Saxneviç 2013-2014-cü illərdə Zaporojye "Metallurq"unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu.