Elnur Əşrəfoğlu: Onunla sabah müqavilə bağlanacaq
10.09.2014 - 16:47
Elnur Əşrəfoğlu: Onunla sabah müqavilə bağlanacaq

“Elnur Allahverdiyev millimizin üzvüdür. İstəyirik ki, o, komandamızda forma geyinsin”. Bunu apasport.az saytına “Neftçi”də müşavir vəzifəsində çalışan Elnur Əşrəfoğlu deyib.

 

“Qəbələ”dən sərbəst futbolçu kimi ayrılan Elnur Allahverdiyev vaxtı ilə çıxış etdiyi “Neftçi”yə qayıtmağa yaxındır. 31 yaşlı müdafiəçinin Arif Əsədovun komandasında yer alması artıq an məsələsidir.

 

Elə “Neftçi”nin prezidenti Sadıq Sadıqovun məsləhətçisi vəzifəsində çalışan Əşrəfoğlu da onunla müqavilə bağlamağa yaxın olduqlarını bildirdi: “Elnur son vaxtlar “Qəbələ”də heyətə düşə bilmədiyi üçün formasından uzaq qalıb. Ona görə də onu “Neftçi”yə gətirmək istəyirik. Hazırda onunla danışıqlar aparırıq. Bu üzdən futbolçu ilə bağlanacaq müqavilənin müddətini dəqiq deyə bilməyəcəyəm. Amma böyük ehtimalla, sabah onunla rəsmi müqavilə bağlanacaq”.

 

Qeyd edək ki, Elnur Allahverdiyev 3 il “Neftçi”də çıxış edib. O, 2006-2009-cu illərdə bu komandanın şərəfini qoruyub. Almaniyalı baş məşqçi Hans-Yürgen Gedenin vaxtında klubdan göndərilən Allahverdiyev sonradan “Qarabağ”, “Xəzər Lənkəran” və “Qəbələ”də çıxış edib.