Türkiyə yığmasının keçmiş futbolçusu Əmrə Bəlözoğlu “Fənərbaxça”dan ayrılıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçinin bitən müqaviləsi yenilənməyib və o, komandadan uzaqlaşdırılıb.
Bu qərarla bağlı yerli mətbuata açıqlama verən Əmrə xəbəri televiziyadan eşitdiyini, klubdan ona rəsmi olaraq bir şey deyilmədiyini bildirib:
“Mənimlə görüşəcəklərini bildirmişdilər. Üstünlüyü hər zaman klubuma verdiyim üçün başqa komandalarla danışıq aparmırdım. Ancaq görünür mənimlə danışmağa ehtiyac görməyiblər. Xəbəri televiziyadan öyrəndim. Belə ayrılmaq heç xoş olmadı”.
Qeyd edək ki, Əmrənin komandadan uzaqlaşdırılması ilə bağlı ilk açıqlamanı braziliyalı hücumçu Fernandaonun imza mərasimində “Fənərbaxça”nın idman direktoru Juliano Terraneo vermişdi.