“Bakıya qələbə qazanmağa gəlmişdik. Lakin “İnter”in müdafiə səddini yarmağı bacarmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Atletik” klubunun baş məşqçisi Ernesto Valverde deyib.
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda “İnter”i ilə qolsuz heç-heçə edən Bilbao təmsilçisinin çalışdırıcısı qarşılaşma haqda fikirlərini açıqlayıb: “Bu qarşılaşmada futbolçularımıza topa nəzarət edib, səhvlərə tol verməməyi tapşırmışdım. Yetirmələrim bunun öhdəsindən gəlməyə nail oldu. Rəqibin cərimə meydanına qədər istəyimizi gerçəkləşdirə bilirdik. Lakin sıx müdafiə xəttini keçmək mümkünsüz idi. “İnter” böyük qüvvə ilə irəli atılmamaqla məni çox təəccübləndirdi. Onlar üstünlüyü bizə verib, əks-hücumlara ümid bəslədi. Bakıda hava isti olsa da, külək də əsirdi. Buna baxmayaraq, oyunun əvvəlində futbolçularımız üçün çətin idi. Amma yaxşı ki, çox tez uyğunlaşa bildik. Bu mərhələni keçsək də, hələ qarşıda pley-off var. Bizim də məqsədimiz qrup mərhələsinə düşməkdi.