“Rəqibimiz Azərbaycanda öz sözünü demiş bir komandadır. Bununla hesablaşırıq, və onlara hörmətlə yanaşırıq. Ancaq “Xəzər Lənkəran”la oynamaq bizi vahiməyə salmır”. Bu sözləri apasport.az saytına “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Naxçıvan təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la qarşılaşacaq. İlk oyun martın 12-si və ya 13-ü, cavab matçı isə bir həftə sonra keçiriləcək.
Abdullayev bildirib ki, “Xəzər Lənkəran”ın gücünü şişirtmək niyyətindən uzaqdırlar: “Lənkəran komandası ilə oyunlara gəzməyə yox, döyüşməyə çıxacağıq. İştaha yemək vaxtı gəlir. Komandamız “Xəzər Lənkəran”la duellərə yüksək səviyyədə köklənəcək. Rəqibin ad-sanı var, lakin onların gücünü şişirtmək niyyətindən uzağıq. “Xəzər Lənkəran” məğlubedilməz deyil”.
Millimizin sabiq baş məşqçisi olan Abdullayevin Azərbaycan futbolunda bir ilkə imza atmaq şansı var. Belə ki, indiyə qədər I divizionda mübarizə aparan klublardan heç birinə Azərbaycan kubokunu qazanmaq və avrokuboka vəsiqə əldə etmək nəsib olmayıb: “Bu çox çətin məsələdir. Lakin desəm ki, içimdə belə bir istək yoxdur, yalan olar. Çoxları dediklərimi xülya sayacaq, ancaq mənim avrokuboka vəsiqə qazanmaq istəyim böyükdür. Meydançaya girirsənsə, döyüşməlisən. Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. “Araz Naxçıvan”la bir ilkə imza atmaq istəyirik. Azərbaycan kubokunu qazanmaq özümüzdən asılıdır”.
Qeyd edək ki, “Araz Naxçıvan” hazırda I divizionda vahid liderdir. 18 oyundan 49 xal toplayan komanda ən yaxın izləyicisini 9 xal qabaqlayır.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”