Etame və Skarlatake komandasına qoşuldu
05.03.2014 - 14:28
Etame və Skarlatake komandasına qoşuldu
Artiq 3 gündür ki, paytaxtda məskunlaşan “Xəzər Lənkəran” “Rəvan”la qarşılaşmanın hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü meydançasında cənublular gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.

Bir müddətdir zədədən əziyyət çəkən Rasim Ramaldanov, Rahid Əmirquliyev, kamerunlu Mbilla Etame və rumıniyalı Adrian Skarlatake komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi Deyvid Sakkoni zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb. O cümlədən milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya millisi) “Xəzər Lənkəran”dan ayrı düşüb. Bakıda hazırlığını davam etdirən Lənkəran təmsilçisi martın 7-də matçın keçiriləcəyi “Bayıl Arena”da oyun öncəsi son məşqini keçirib matç saatını gözləyəcək.

Qeyd edək ki, Topaz Premyer Liqasının XXV turunun “Rəvan” - “Xəzər Lənkəran” görüşü martın 8-də saat 15:00-da start götürəcək.