Fariz Nəcəfov: “Qəbələ” avrokuboka düşə bilməsə... - MÜSAHİBƏ
11.03.2014 - 13:34
Fariz Nəcəfov: “Qəbələ” avrokuboka düşə bilməsə... - MÜSAHİBƏ

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun apasport.az saytına müsahibəsi

 

- Komandanız Topaz Premyer Liqasında keçirdiyi son 3 oyunda 2 xal toplayıb. Bu uğursuz matçları çempionluğa oynayan komandanın hədəfinə ciddi zərbə saymaq olar?

- Həqiqətən son həftələrdə komanda çox uğursuz çıxış edir. Elə bir ciddi səbəb də yoxdur ki, lazımsız xal itkilərini onunla əlaqələndirək. Bəzi aparıcı futbolçularımızın formada olmamaqları öz sözünü deyir. Bir az da bəxtsizlik amili var.

 

- “Qəbələ” iddialı rəqiblərlə görüşlərdə pis təsir bağışlamasa da, nəticə qazana bilmir. Bunu nə ilə əlaqələndirərdiniz?

- İstər “Xəzər Lənkəran”, istər “Qarabağ”, istərsə də “Neftçi” ilə matçda yaxşı oyandıq. Lakin qeyd etdiyim kimi, bəxtsizlik də uğur qazanmağımıza əngəl oldu. Üstəlik, bəsit səhvlərdən qol buraxırıq. Məsələn, “Neftçi” ilə görüşdə qapımızda vurulan topları gördünüz. Digər tərəfdən, “Qarabağ” və “Neftçi”nin oturuşmuş heyəti var. Təbii ki, bunu bəhanə gətirmək istəmirəm. “Qəbələ” potensialı olan klubdur və iddiamızı sürdürürük. Əsas tapşırıq avrokuboka vəsiqə qazanmaqdır.

 

- XXV turda “Neftçi”ni qonaq etdiyiniz matçdan sonra azarkeşlər hakimlər briqadasına təzyiq göstərdilər. Onlar iradlarında haqlıdır?

- Azarkeşin qərar etiraz etməyə ixtiyarı var. Bir nəfər deyil ki, çağırıb söhbət edəsən. Kütlənin qərarını, atdığı addımı müzakirə etmək çətindir. Lakin istənilən halda, hakimin səhvi olsa da, olmasa da, bu şəkildə etiraz bildirmək xoşagəlməz haldır. Hakimə daş atmaq, fiziki təzyiq göstərmək kimi şeyləri pisləyirəm. Azarkeşləri bu cür davranmağa hakimlərin xırda qayda pozuntuları zamanı ancaq rəqibin lehinə qarar vermələri oldu. Əsas vaxta əlavə olunmuş 1 dəqiqəmiz də kəsildi. Belə bir vəziyyətdə azarkeşlər emosional davrandılar.

 

- Referi Fariz Yusifov nəticəyə təsir edən səhvə yol verdi?

- Xeyr, nəticəyə təsir edən səhv olmayıb. Bir meydan sahibi kimi, heç vaxt hakimlər “Qəbələ”yə rəğbət bəsləməyiblər. Heç bunu gözləmirik də. Normal idarəçilik olsun, bəsimizdir.

 

- Hələ XXI turda evdə “Xəzər Lənkəran”a məğlub olduğunuz (2:3) görüşdən sonra bildirmişdiniz ki, baş məşqçi Yuri Syominlə söhbətiniz olacaq. Rəhbərliyin onunla görüşü baş tutdu?

- Bəli, “Rəvan”la heç-heçə etdiyimiz (0:0) matçdan sonra da görüş oldu. Uğursuz çıxışın səbəblərini müzakirə etdik, analiz apardıq. “Nefçti”yə məğlubiyyətdən sonra klub prezidenti də futbolçularla görüşdü. Məşqçilər korpusu və futbolçular söz verdilər ki, növbəti həftələrdə çatışmazlıqları aradan qaldıracaqlar.

 

- Yuri Syomin hesabat verərkən uğursuz çıxışın səbəbini nədə gördüyünü söyləyir?

- Bunu Syominin özündən soruşsanız, yaxşı olar.

 

- Sabah növbəti çətin sınağınız var. “Qəbələ” Azərbaycan kubokunun  1/4 final mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ı qəbul edəcək...

- “Qarabağ”ın güclü komanda olduğunu söyləməyə gərək yoxdur, çempionluğa əsas namizəddir. Lakin kubok oyunları bir qədər fərqli olur. “Qəbələ” öz gücünə, potensialına inanır. İnşallah, sevinən tərəf biz olarıq.

 

- Yuri Syominin “Qəbələ”dəki gələcək karyerası avrokuboka vəsiqə qazanmaqdan asılıdır, yoxsa istənilən halda, onunla əməkdaşlığı davam etdirməkdə maraqlısınız?

- Mövsümün sonunda Syominin müqaviləsinin müddəti başa çatır. Əslində, biz ona 1+1 şərti ilə sözləşmə təklif etmişdik. Lakin həmin vaxt razılaşmadı və bildirdi ki, nəticə olsun, sonra baxarıq. “Qəbələ” avrokuboka düşə bilməsə belə, Syominlə yola davam etməyimiz mümkündür. Hər şey danışıqlardan asılı olacaq. 

0