Fariz Nəcəfov: Marat İzmaylovla razılıq əldə olunub
30.01.2014 - 14:38
Fariz Nəcəfov: Marat İzmaylovla razılıq əldə olunub

“Marat İzmaylovu “Qəbələ”yə gətirmək üçün artıq bir həftədir klubu və futbolçunun özü ilə danışıq aparırıq”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov deyib.

 

“Qəbələ” hazırda “Portu”ya məxsus olan Rusiya millisinin üzvü Marat İzmaylovu icarəyə götürmək istəyir.

 

Nəcəfov bildirib ki, artıq məsələ böyük ölçüdə həllini tapıb: “İzmaylovu baş məşqçimiz Yuri Syominin istəyi ilə icarəyə götürürük. Artıq tərəflər arasında razılıq əldə olunub. Müqavilə bağlamaq üçün problem olmamalıdır”.

 

Qeyd edək ki, Moskvanın "Lokomotiv" klubunun yetirməsi olan İzmaylov Rusiya millisinin heyində 35 oyun keçirib. 2007-ci ildən karyerasını Portuqaliyada davam etdirən futbolçu öncə "Sportinq" çıxış edib, 2013-cü ildə "Portu"ya keçib.

 

Nəcəfov əməkdaşımızla söhbətində “Qəbələ”nin futbolçusu Dejan Kelharla bağlı Serbiyanın “Srvena Zvezda” klubundan təklif almadıqlarını da söyləyib. O, Sloveniya millisinin müdafiəçisinin komandadan ayrılmasının gündəmdə olmadığını diqqətə çatdırıb.