FİFA milli komandaların növbəti reytinq cədvəlini mayın 7-də açıqlayacaq. Apasport.az saytının məlumatına görə, 28 gündən sonrakı siyahıda son 4 həftədə baş tutan qarşılaşmaların nəticələri öz əksini tapacaq.
Hazırda 264 xalla 115-ci yerdə olan Azərbaycan millisinin may reytinqindəki xal hesabı isə indidən məlumdu. Yığmamız indi olduğu kimi 264 xalla qalacaq.
Buna səbəb aprelin 9-dan mayın 7-dək olan müddətdə heç bir oyunumuzun olmamasıdı. Həm də bu, təkcə 2015-ci il deyil, reytinqdə hesablanan əvvəlki 3 ilə də aiddi. Komandamız 2012, 2013 və 2014-cü illərdə də bu 28 günlük dövrdə meydana çıxmayıb. Məhz 4 illik zamanda qeyd olunan dövrdəki durğunluq xal hesabımızı dəyişməz saxlayacaq.
Lakin bu sabitlik yığmamızın mövqeyində əks olunmaya bilər. Çünki komandamızdan fərqli bəzi millilər ya qarşıdakı 28 gündə rəsmi – seçmə və yoxlama matçlara çıxacaq, ya da əvvəlki 3 ildə bu tarixdə qüvvəsini sınayıb. Siyahıdakı qonşularımızın xal hesabının dəyişməsi isə mövqeyimizə cüzi də olsa təsir edəcək.