Flavinyo: Belə bir rekordun sahibi olmaq çox xoşdur
04.03.2014 - 16:46
Flavinyo: Belə bir rekordun sahibi olmaq çox xoşdur
“Belə bir rekordun sahibi olmaq əlbəttə ki, çox xoşdur. Sevinirəm ki, “Neftçi” kimi bir komandanın tarixinə düşmüşəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Flavinyo deyib.

Flavinyonun komandasının heyətində Premyer Liqada keçirdiyi oyunların sayı 100-ə çatıb. Bu nəticə ilə braziliyalı yarımmüdafiəçi “Neftçi”də 100 matç keçirən ilk legioner kimi tarixə düşüb. Daha 2 oyunda meydana çıxacağı təqdirdə Flavinyo Azərbaycan çempionatları tarixində bir komandanın heyətində ən çox oyun keçirmiş braziliyalı kimi rekorda imza atacaq.

Futbolçu bununla bağlı fikirlərini klubunun rəsmi saytına bildirib: “Neftçi”də 4-cü mövsümdür ki, çıxış edirəm və bu vaxta kimi 3 çempionluq, 1 dəfə ölkə kubokunu və ən əsası Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu uğurlarda pay sahibi olmaq qürurvericidir. İnanıram ki, bu nailiyyətlərin davamı gələcək”.

Qeyd edək ki, Ernani Pereyra “Karvan”da 101 oyun keçirib. Millimizin sabiq müdafiəçisi bununla da hazırda Azərbaycan çempionatlarında ən çox matç keçirmiş braziliyalı ünvanına sahibdir.