Flavinyo: Onların yoxluğunu hiss etdirməməyə çalışacağıq
22.02.2014 - 14:56
Flavinyo: Onların yoxluğunu hiss etdirməməyə çalışacağıq
“Son oyunlarda istədiyimiz nəticələri qazana bilməmişik. Bununla belə, məqsədimiz dəyişməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Flavinyo deyib.

“Neftçi” Topaz Premyer Liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olacaq.
 
Oyun ərəfəsində klubun rəsmi saytına açıqlama verən braziliyalı legioner bunları söyləyib: “Sona kimi yalnız çempionluq uğrunda oynayacağıq. “Sumqayıt” klubunun turnir cədvəlində hansı mövqedə qərarlaşması vacib deyil. Əgər qələbə qazanmaq istəyiriksə, axıra kimi mübarizə aparmalıyıq. Düzdü, əsas heyətdən Mahir Şükürov, Bruno Bertuççi və Karlos Kardoso cəzalı olmaları səbəbindən bu matçda meydana çıxa bilməyəcəklər. Bununla belə, onların yoxluğunu hiss etdirməməyə çalışacağıq. Səfər oyunu olmasına baxmayaraq, inanıram ki, qələbə qazanacağıq”.

Qeyd edək ki, sabah keçiriləcək “Sumqayıt” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.