Foqts üçün şeytan rəqəmi: 6, 6 və 6:0
17.10.2014 - 10:15
Foqts üçün şeytan rəqəmi: 6, 6 və 6:0

Almaniyalı baş məşqçi Berti Foqtsun Azərbaycan millisindəki fəaliyyəti 2391 gün davam edib. Apasport.az saytının məlumatına görə, 2008-ci il martın 30-da İcraiyyə Komitəsi tərəfindən baş məşqçi vəzifəsinə təyin olunan mütəxəssis 6 il 6 ay 17 gün bu postda qalıb.

 

Yığmamızdakı fəaliyyət müddətinə əsasən Azərbaycan rekordçusu olan Foqts komandanı 71 matça çıxarıb. Həmin görüşlərdə futbolçularımızın 15 qələbəsi, 22 heç-heçəsi və 34 məğlubiyyəti var. Foqtsun yetirmələri 56 qol vurub, 104-nü buraxıb.

 

Maraqlıdı ki, ilk oyunu da, son matçı da Balkan yarımadasında baş tutub. Sabiq yuqoslaviyalılardan alınan ilk və son məğlubiyyətin nəticəsi isə fərqli olub. 2008-ci il iyunun 4-də Zenitsa şəhərində yerli Bosniya və Herseqovinaya 0:1 hesabı ilə yenilən komandamız Foqtsun debütünü korlamışdı. Onun son matçı isə bu il oktyabrın 13-də Osiyekdə keçirilib. Xorvatiya yığmamıza qarşı daha amansız olub – 6:0.

 

Komandamızdan ayrılan mütəxəssis 33 seçmə oyununda iş başında olub. Foqtsun rəhbərliyi altında komandamızın hesabında 4 qələbə, 9 heç-heçə və 20 məğlubiyyət var. Osiyekdəki yubiley yenilgisi almaniyalı üçün sonuncu idi. Almaniyalının yetirmələri seçmə mərhələlərdə 23 qol vurub, 61-ni buraxıb.