Fransanın Kerbak komunnasının iki həvəskar klubu dünya tarixind ən uzun matç oynayıblar. Apasport.az saytının məlumatına görə, oyun 73 saat (iyunun 19-dan 22-nə kimi) davam edib.
Oyun 475:473 hesabı ilə başa çatıb. Matç xeyriyyə məqsədi daşıdığından, əldə olan bütün vəsait Kriqler-Nayyar sindromu ilə mübarizə fonduna köçürülüb.
Komandalar adi futbolda olduğu kimi meydana 11 oyunçu ilə çıxıblar. Daha 7 oyunçu isə ehtiyatda olub. Oyun fasiləsiz gecə və gündüz davam edib, əvəz edilən oyunçu 2 saat dincələndən sonra yenidən meydana qayıdıb.
Aksiyanın təşkilatçılarından biri deyib ki, çox ciddi çətinliklərlə üzləşiblər: “İki oyunçu görüşü davam etdirə bilmədi. Onları hospitala aparmaq məcburiyyətində qaldıq. Amma bir neçə min azarkeşin dəstəyi işi başa çatdırmağa kömək etdi”.
Qeyd edək ki, bundan əvvəlki rekord futbol marafonu 2013-cü ildə Mançesterdə keçirilib. Həmin oyun 72 saat davam edib.