Türkiyə çempionatında çıxış edən futbolçularımızın ölkə kubokundakı rəqibləri hansı tarixdə müəyyənləşəcəyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz rəqiblərini noyabrın 7-də tanıyacaq.
Belə ki, Türkiyə kubokunun qrup mərhələsinin püşk atması sözügedən tarixdə bəlli olacaq.
Qeyd edək ki, “Qaziantep BB”də forma geyinən Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov, yarımmüdafiəçi Rəhman Hacıyev və müdafiəçi Ufuk Budak, “Girəsunspor”da Ayaz Mehdiyev, “Altınordu”da Timur Temeltaş, “Sivasspor”da Cihan Özkara qrup mərhələsində mübarizə aparacaq.
Lakin yığmamızın sabiq üzvü Branimir Subaşiçin komandası “Manisaspor”un “Zonquldak Kömürspor”la qarşılaşması və Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor”un isə “Balcova BLD” ilə oyunu noyabr ayının 5-də baş tutacaq. Əgər hər iki futbolçumuzun komandası qələbə qazanıb, növbəti mərhələyə keçsə, 2 gündən sonra qrup mərhələsində onların yeni rəqibləri bəlli olacaq.