Bu gün avrokubokların ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, püşk Azərbaycan klublarının ilk rəqibləri Monteneqro, Gürcüstan və Albaniya təmsilçiləri ilə üz-üzə qoyub.
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”, “Neftçi” isə Avropa Liqasının I raundunda “Mladoost”la görüşəcək. Monteneqro təmsilçiləri ilə qarşıdakı 2 duelədək klublarımız yalnız bir dəfə bu ölkə komandası ilə üz-üzə gəlib. 2010/11 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Bakı” “Buduçnost”a uduzub - -:+, 2:1. 2-ci duel daha tez oynayacaq “Neftçi”nin hesabına yazılacaq.
Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” Tiflis “Dinamo”su ilə üz-üzə gələcək. Bu da iki ölkə təmsilçilərinin avrokuboklarda 5-ci duelidi. İndiyədək Gürcüstan klubları da, təmsilçilərimiz də 2 dəfə mərhələ adlayıb. “Neftçi” 2014/15 mövsümündə “Çixura”nı (0:0,3:2), 2012/13 mövsümündə isə “Zestafoni”ni (3:0, 2:2) mübarizədən kənarlaşdırıb. 2006/07 mövsümündə “Bakı” “Sioni”yə (0:2, 1:0), 2004/05 mövsümündə isə “Şəmkir” “Tbilisi”yə (0 :1, 1 :4) məğlub olub. “Çixura” və “Sioni” ilə matçlar Çempionlar Liqasına, digər iki görüş Avropa Liqasına təsadüf edib.
“İnter” də Avropa Liqasının I təsnifat mərhələsində qüvvəsini sınayacaq. Bakılılar Albaniya “Laçi”si ilə üz-üzə gələcək. Klublarımız indiyədək 1 dəfə albaniyalılarla görüşmüşdü. 2013/14 mövsümündə “Neftçi” Çempionlar Liqasında “Skenderbeu”nu keçə bilməmişdi – 0:0, 0:1.