“Neftçi” tarixində 7-ci dəfə avrokuboklarda mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində Sloveniya “Koper”ini keçən (1:2, 2:0) bakılılar bunadək 4 mövsümdə 6 dəfə rəqibini mübarizədən kənarlaşdırmışdı.
“Ağ-qaralar” 2008/09 və 2012/13 mövsümlərinin hərəsində 2, 2004/05 ilə 2005/06 mövsümlərində isə 1 mərhələ adlamışdı. “Neftçi” 6 uğurlu mövsümdə 12 dəfə mərhələ keçən “Qarabağ”dan geri qalır. Digər Azərbaycan klublarından “İnter” 5, “Xəzər Lənkəran” 2, “Bakı” ilə “Karvan” hərəsi 1 dəfə uğur əldə edib.
2 il əvvəl “Neftçi” ilə Gürcüstan “Zestafoni”si və Kipr APOEL-ini yarışdan çıxaran Böyükağa Hacıyev 3-cü dəfə mərhələ adlamağın sevincini yaşadı. Mütəxəssis bu göstəricidə Kaxaber Sxadadzeyə çatdı. Azərbaycan klubları ilə ən çox mərhələ adlayan isə Qurban Qurbanovdu – 11 dəfə. Bu “üçlük”dən başqa daha 8 çalışdırıcı mərhələ adlayıb. Onlardan 4-ü 2, 4-ü 1 dəfə bunu bacarıb.