Millimiz FİFA reytinqində irəlilədi
13.03.2014 - 14:00
Millimiz FİFA reytinqində irəlilədi

FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması siyahıda 2 pillə irəliləyib.

Belə ki, martın 5-də keçirilən yoxlama oyunları reytinq siyahısında müəyyən dəyişikliklərə səbəb olub. Dubay şəhərində keçirilən yoldaşlıq görüşündə Filippini 1:0 hesabı ilə məğlub edən komandamız siyahıda 91-ci yerdədir.

Fevralda 372 xalla 93-cü olan Berti Foqtsun yetirmələri 3 xal geri düşsə də, 2 pilləlik inkişaf əldə edib. Yığmamızın 369 xalla 91-ci olmasına isə cədvəldəki qonşularımızın zəifləməsi səbəb olub.

 

Ötən ay 91-ci olan Estoniya 1 pillə geriləməklə 92-ci, Çin 88-ci yerdən 98-ə enib. Məhz bu 2 komandanı keçməsi sayəsində yığmamız irəliləyib.

Siyahının ilk 3 pilləsində dəyişiklik olmayıb. İspaniya (1510) yenə 1-ci, Almaniya (1336) və Argentina (1234) ilk “üçlük”də yerini qoruyub.