Sabah Topaz Premyer Liqasında IX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün I dövrəsinin son turu Qəbələdə başlayacaq.
3 gün davam edəcək turun açılış matçında “Qəbələ” “Sumqayıt”ı sınağa çəkəcək. Son 3 turda qələbə qazana bilməyən komandaları turnir cədvəlində cəmi 1 xal ayırır. Məğlubiyyətləri sıralamağa başlayan qonaqları keçmək üçün “qırmızı-qaralar” qalib gəlməlidir. Sumqayıtlılar isə xal qazana bilmədiyi Qəbələdə uğursuz seriyalara son qoymaq arzusundadır.
Turun ikinci günü autsayderlərin oyunları ilə əlamətdar olacaq. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşanlar mövqelərini yaxşılaşdırmaq üçün öz aralarında münasibətlərinə aydınlıq gətirəcək. Əvvəl paytaxt təmsilçilərinin derbisi baş tutacaq. Ardıcıl iki heç-heçə edən AZAL ötən tur darmadağına üzülən “Bakı”nı qəbul edəcək. Qonaqlar qələbə sayəsində həmyerlilərini arxada qoymaq, “təyyarəçilər” isə qazanılacaq 3 xalla bir neçə pillə irəliləmək niyyətindədir.
6 matçlıq qələbəsizlik yaşayan “Araz-Naxçıvan” “Simurq”un qonağı olacaq. Zaqatala təmsilçisi yetərincə sıx olan turnir cədvəlində liderlərə yaxınlaşmaq üçün xal itirməməlidir. Naxçıvanlılar isə xal hesabını zənginləşdirmək arzusundadır.
Turun iki ən əhəmiyyətli oyunu bazar gününə təsadüf edəcək. İlk “beşlik”də qərarlaşanların Bakıda keçiriləcək oyunları dövrənin qalibini də müəyyənləşdirəcək. 2 matçı təxirə salınan dövrəni zirvədə bitirməyə “İnter” daha yaxındır. Liderliyini qorumaq üçün “Neftçi” ilə paytaxt derbisinə çıxacaq “bankirlər” qələbə ilə dövrənin qalibi olacaq. Lakin heç-heçə də onları zirvədə saxlaya bilər. Bunun üçün “Qarabağ” da xal itirməlidir.
“Neftçi”nin də ilk pilləyə yüksəlməsi üçün ağdamlıların büdrəməsi lazımdır. Təbii ki, “ağ-qaralar”ın derbidə qalib gəlməsi şərtilə. Lakin 4 matçdır uduzmayan lider də səfər matçına qələbə iddiası ilə çıxacaq.
Son çempion “Qarabağ” isə 2014-cü ildə 2 dəfə uduzduğu “Xəzər Lənkəran”ı sınağa çəkəcək. Liderlərə yaxınlaşan cənublular potensial lideri büdrətməklə rəqibinə çata bilər. Ardıcıl 4 qələbə qazanan Qurban Qurbanovun yetirmələri isə Avroliqanın “Dnepr”lə Ukraynadakı matçından sonra çempionat matçına köklənməli olacaq.
IX tur
24 oktyabr (cümə)
17:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu
25 oktyabr (şənbə)
17:00. AZAL – “Bakı”
“AZAL Arena”
18:00. “Simurq” – “Araz Naxçıvan”
Zaqatala şəhər stadionu
26 oktyabr (bazar)
16:00. “Neftçi” – “İnter”
“Bakcell Arena”
18:00. “Qarabağ” – “Xəzər Lənkəran”
Tofiq Bəhramov adına Respublika stadionu
|
Yer |
Komanda |
o |
q |
h |
m |
t/f |
x |
|
1 |
İnter |
8 |
4 |
3 |
1 |
20-4 |
15 |
|
2 |
Qarabağ |
7 |
4 |
2 |
1 |
11-6 |
14 |
|
3 |
Neftçi |
7 |
4 |
1 |
2 |
6-7 |
13 |
|
4 |
Sumqayıt |
8 |
4 |
0 |
4 |
10-11 |
12 |
|
5 |
Xəzər L |
8 |
3 |
2 |
3 |
9-6 |
11 |
|
6 |
Qəbələ |
8 |
3 |
2 |
3 |
7-10 |
11 |
|
7 |
Simurq |
8 |
3 |
1 |
4 |
9-8 |
10 |
|
8 |
AZAL |
7 |
2 |
3 |
2 |
7-10 |
9 |
|
9 |
Bakı |
8 |
2 |
1 |
5 |
6-19 |
7 |
|
10 |
Araz N |
7 |
1 |
1 |
5 |
7-11 |
4 |
Bombardir: Mikel Alvaro (“İnter”) - 5 qol