İlk səfər
09.10.2014 - 09:16
İlk səfər

Bu gün AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlara start veriləcək. Apasport.az saytının məlumatına görə, Fransadakı final mərhələsinə 53 iddiaçı arasında olan Azərbaycan milli komandası ikinci oyununu keçirəcək.

 

Yığmamızın çıxış etdiyi H qrupunda 2-ci turun matçları sabah baş tutacaq. Berti Foqtsun yetirmələri İtaliyada meydan sahibləri ilə görüşəcək.

 

Bu oyun komandamızın cari tsikldə ilk səfər sınağı olacaq. Rəqib meydanındakı ilk görüşünə ciddi hazırlaşan yığmamız Almaniyada toplanış keçdikdən sonra Apenninə yollanıb.

 

4 qat dünya çempionu ilə qarşılaşma Palermo şəhərində baş tutacaq. Millimiz 11 ildən sonra İtaliya ilə görüşəcək. AVRO-2004-ün seçmə mərhələsində Bakıda 2, Reco-di-Kalabriyada 4 cavabsız qol buraxan yığmamız əfsanəvi Canluici Buffonun qapısına ilk dəfə yol tapmağa çalışacaq. Futbolçularımız Bolqarıstana ev məğlubiyyətini unutdurmaq üçün sensasiya etmək əzmindədir.

 

“Skuadra Adzurra” ilə səfər oyununa yığmanın aparıcı üzvləri Vaqif Cavadov, Mahir Şükürov, Ruslan Abışov olmadan yollanan komandamız üçün “Renso Barbera” stadionundakı görüş asan olmayacaq. Yeni baş məşqçi Antonio Kontenin rəhbərliyi altında qol buraxmayan italiyalılar meydana çıxdığı hər iki görüşdə 2:0 hesabı ilə qalib gəlib. Təcrübəli Andrea Pirlonu da geri qaytaran mütəxəssis evdə ilk seçmə oyununa çıxacaq.

 

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

10 oktyabr

23:45. İtaliya – Azərbaycan

Baş hakim: Hüseyn Göçek

Baş hakimin köməkçiləri: Mustafa Əmrə Eyisoy, Orkun Aktaş

Dördüncü hakim: Serkan Ok

Əlavə köməkçi hakimlər: Mete Kalkavan, Hakan Ceylan (hamısı Türkiyə)

Hakim-inspektor: Alan Freland (Şotlandiya)

UEFA nümayəndəsi: Tis Roland (Belçika)

Palermo. “Renso Barbera” stadionu