İngiltərədən təklif alan “Qalatasaray”lıdan örnək addım
23.01.2016 - 16:30
İngiltərədən təklif alan “Qalatasaray”lıdan örnək addım

“Vest Hem”in maraq dairəsində olan “Qalatasaray”ın hücumçusu Burak Yılmaz komandasını dəyişmək fikrində deyil. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu İngiltərədən gələn təklifə rəğmən, “cim-bom”u tərk etmək haqda düşünmür.

 

Slaven Biliçin çalışdırdığı “Vest Hem” klubu artıq xeyli vaxtdı ki, Burakla yaxından maraqlanır. Əvvəlcə 5 milyon avroluq təklif göndərən “çəkicdöyənlər” hazırda bu məbləği 7 milyon avroya yüksəldiblər. Lakin Türkiyə yığmasının da formasını geyinən Burak “Qalatasaray”ı buraxıb, “Dumanlı Albion”a köçməyi özünə yaraşdırmır.

 

Təcrübəli forvard “Vest Hem”in təklifini qəbul etməməklə yanaşı, komanda yoldaşı Səlçuk İnan kimi məvacibinin azalmasına razıdı. İldə 2,9 milyon avro məvacib alan cütlüyün maaşlarının azalmasına qarşı çıxmadıqları bildirilir.

 

Qeyd edək ki, karyerası ərzində “Antalyaspor”, “Beşiktaş”, “Manisaspor”, “Fənərbaxça”, “Əskişəhərspor” və “Trabzonspor” klublarının da formasını geyinmiş Burak Yılmaz 2012-ci ildən “Qalatasaray”ın uğurları üçün çalışır.