[b]İtaliya yığmasının millimizlə oyun üçün çağırılacaq heyəti bəlli oldu[/b]
04.10.2014 - 15:35
[b]İtaliya yığmasının millimizlə oyun üçün çağırılacaq heyəti bəlli oldu[/b]

İtaliya yığmasının baş məşqçisi Antonio Konte oktyabrın 10-da millimiz və 13-də Malta ilə seçmə oyunlar üçün heyəti açıqlamasa da, həmkarlarımız artıq hansı futbolçuların qarşıdakı 2 matça çağırılacağını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, qapıçılardan Canluici Buffon, Salvatore Siriqu və Mattia Perin “3-lüy”ünün heyətə çağırılacağı şübhə doğurmur.

 

Müdafiəçilərdən Davide Astori, Andrea Barzalyi və Qabriel Paletta zədəlidir. Ona görə də müdafiə xəttinə Leonardo Bonuççi, Corco Kellini, Ancelo Oqbonna, Andrea Ranokkya və “Sampdoriya”nın kapitanı Daniele Qastaldelloya qalib gəlmiş “Empoli”nin futbolçusu Daniele Ruqani çağırılacaq.

 

Yarımmüdafiə xəttində Daniele de Rossi və Andrea Pirlo kimi ulduzlar zədələrini sağaldaraq bərpa prosesini keçirirlər. Ancaq Kontenin A Seriyasının sabah “Yuventus” – “Roma” matçında da iştirak etməyəcək bu futbolçuların səhhəti ilə risk etməyəcəyi güman edilir. Yarımmüdafiəçilər Marko Verratti, Klaudio Markizio, Andrea Poli, Alessandro Florentsi və milliyə qayıdışı şübhə olunmayan Tyaqo Motta olacaq. Marko Parolo, Alberto Akvilani və Roberto Soriano isə boş mövqe olacağı halda siyahıda yer alacaq.

 

Cinahlar üçün Mattia de Şilyo, Emanuele Cakkerini (görünür, İtaliyada "Sanderlend"in futbolçusunun zədəli olmasından xəbərsizdirlər - red.), Antonio Kandreva, Manuel Paskual, hətta İqnatsio Abateyə dəvət göndəriləcəyi ehtimal olunur. Konte bu dəfə də “Liverpul”un hücumçusu Mario Balotelliyə şans tanımayacaq. Hücumçular Simone Zaza, Çiro İmmobile, Mattia Destro, Pablo Osvaldo, “Sauthempton”da uğurlu çıxış edən Qratsiano Pelle olacaq. Forvardlardan Fabio Kvalyarella, Stefan El-Şaaravi və Sebastian Covinkodan birinin çağırılmayacağı gözlənilir. Bunun “Torino”nun hücumçusu Fabio Kvalyarella olacağı ehtimal edilir.

 

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 23:30-da İtaliyanın heyəti rəsmi şəkildə açıqlanacaq.