“Marsel”dən Meksika klubu “Tiqres”ə transfer olan Andre Pyer Jinyakın gedişi türk futbolçu Mövlud Ərdinçi Fransa Liqa 1-də ən çox qol vuran oyunçuya çevirib. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, hazırda Liqa 1-də çıxış edən futbolçular arasında ən çox qol vuran futbolçu məhz Türkiyə yığmasının üzvüdü.
Fransa birinciliyində “Loryan”, “Tuluza” və “Marsel” formaları ilə meydana çıxmış Jinyak ümumilikdə 303 oyunda 101 qola imza atmışdı.
Mövlud isə 256 oyunda 82 qol vurmağa nail olub ki, o, bu nailiyyətini “Soşo”, PSJ, “Renn” və “Sent-Etyen”lə maydana çıxdığı matçlarda qazanıb.
Hazırda Liqa 1-də çıxış edənlər arasında ən çox qol vuran 2-ci futbolçu isə Zlatan İbrahimoviçdi. İbra PSJ forması ilə 92 oyunda 75 qola imza atıb.