Kakaunun Bakı arzusu
11.03.2014 - 17:53
Kakaunun Bakı arzusu

“Mən Almatıya məşqçi kimi qayıtdıqdan bəri bir neçə turnirin qalibi olmuşuq. Məşqçilik karyeram burda sürətlə inkişaf edib”. Apasport.az saytının məlumatına görə, bunu “Kayrat” futzal klubunun baş məşqçisi Kakau deyib.

 

Sabah Bakıda UEFA Futzal Kubokunun “Dördlər finalı”nın püşkatması keçiriləcək. Təmsilçimiz “Araz Naxçıvan”ın rəqiblərindən biri də ötən il bu turnirin qalibi olmuş Qazaxıstan çempionu “Kayrat”dır.

 

Qışda braziliyalılar - Kayo Junior, Rubinyo, Kafe ilə anlaşan “Kayrat” onların həmyerliləri olan Leo, Qiva və Betanı yola saldı. 11-ci dəfə Qazaxıstan çempionu olmağa yaxın olan Almatı təmsilçisi həftəsonu Yekaterinburq “Sinara”sını 5:1 məğlub etməklə “Konstantin Yeryomenko kuboku”nu da muzeyinə aparmağı bacardı. Bu isə “Kayrat”ın apreldə Bakıya yaxşı əhval-ruhiyyə ilə gələcəyindən xəbər verir.

 

Rəqibin baş məşqçisi Kakau isə Bakıda yenidən bu turnirin qalibi olmaq istədiklərini bildirib: “Ancaq mənim ən böyük nailiyyətim yerli fanatlardır. Onlar məni burda oyunçu olduğum vaxtdan çox dəstəkləyir. UEFA Futzal Kubokunu ötən il qazanmağımız unudulmaz idi. Bu emosiyaları yenidən yaşamağı çox istəyirəm. Komandam bu uğuru təkrarlamaq qabiliyyətindədir”.

 

Qeyd edək ki, “Dördlər finalı”nın püşkatma mərasimi sabah saat 15:00-da başlayacaq. “Hilton” otelində keçiriləcək mərasimdən sonra mətbuat konfransı olacaq.