Kamran Ağayevdən növbəti “quru” oyun
21.04.2015 - 08:05
Kamran Ağayevdən növbəti “quru” oyun

Türkiyə çempionatının I liqasında XXVIII turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, son oyun günündə çempionatın lideri “Kayserispor” öz meydanında “Boluspor”u qəbul edib.

 

Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Azərbaycan millisinin 2 futbolçusu iştirak edib. Start heyətində yer alıb, 90 dəqiqə əvəzlənməyən Kamran Ağayev bu dəfə də qapısını toxunulmaz saxlayıb. Bu qələbədən sonra onun şərəfini qoruduğu Kayseri təmsilçisi 60 xalla liderliyini möhkəmlədib.

 

Bolu təmsilçisinin formasını geyən Vaqif Cavadov isə 81-ci dəqiqədə meydana daxil olub. 32 xal toplayan “Boluspor” 14-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Ağayev keçirdiyi 6 çempionat matçında 4-cü dəfə qapısını toxunulmaz saxlayıb.