Kamran Quliyev: Baş məşqçinin işi cərrah işinə bənzəyir - MÜSAHİBƏ
11.03.2014 - 11:14
Kamran Quliyev: Baş məşqçinin işi cərrah işinə bənzəyir - MÜSAHİBƏ

“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin apasport.az saytına müsahibəsi

 

- İcraiyyə Komitəsinin sonucu iclasında lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014/15 mövsümündə Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsinin müzakirə olunmasına dair qərar qəbul olundu. Bunun baş verəcəyini gözləyirdiniz?

- Premyer Liqa iştirakçılarının say məsələsi həmişə müzakirə mövzusu olub. Bildiyiniz kimi, son illərdə Azərbaycan çempionatı fərqli reqlamentlərə keçirilib. Açığı, bu qərar mənim üçün bir qədər gözlənilməz oldu.

 

- Bu təklifi kimin irəli sürdüyünü bilirsiniz?

- Xeyr, mən həmin iclasda iştirak etməmişəm. Bir ay öncə klub rəhbərləri, baş məşqçilərin iştirakı ilə  AFFA-da iclas oldu. Orada federasiyanın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev və millimizin çalışdırıcısı Berti Foqts da iştirak edirdi. Lakin həmin vaxt yalnız limit məsələsi müzakirə olundu.

 

- Artıq “Sumqayıt”ın elitanı tərk etmək qorxusu yoxdur. İşinizi bundan sonra necə təşkil edəcəksiniz? Premyer Liqa oyunlarında ehtiyatda qalan, daha gənc futbolçulara şans verəcəksiniz?

- Xeyr, elə deyil. Siz qərarı dəqiq oxuyun. Orada qeyd olunub ki, növbəti mövsümdə Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsinin müzakirə olunsun. Bu da İcraiyyə Komitəsinin növbəti iclasında olacaq. Yəni, bu məsələ hələ rəsmiləşməyib.

 

- Nəzərə alın ki, AFFA prezidenti Rövnəq Abdullayev “Sumqayıt”ın elitanı tərk etməyəcəyini və bu layihənin digər regionlarda həyata keçiriləcəyini söyləyib. Bu isə istər-istəməz komandanın çıxışına, cari mövsümlə bağlı planlara təsir edə bilər...

- Bizim əsas komandanın heyəti elə də böyük deyil. Ona görə də, əvəzedici heyətdən həmişə oyunçu götürürük. Məsələn, “İnter”lə görüşün son 15 dəqiqəsini meydanda olan Fərid Kərimzadənin 16 yaşı var. Yəni, hansısa arxayınçılıqdan söhbət gedə bilməz. Komandaların sayının artırılması ilə bağlı qərar qəbul olunandan sonra məşqçilər korpusu ilə görüşüm oldu. Onlara “hesab edin ki, belə bir qərar yoxdur” – söylədim. Ümumiyyətlə, bu məsələ hələ rəsmiləşməyib. Komanda əvvəlki oyunlara hansı əhval-ruhiyyə ilə çıxırdısa, bundan sonra da elə olacaq. “Sumqayıt”ın məqsədi gənc oyunçuların inkişafına, açılışmasına kömək etməkdir. Ona görə də, heç bir arxayınçılıq olmamalıdır. Biz mövsümü sonuncu pillədə bitirmək istəmirik.

 

- Artıq indidən növbəti mövsüm barədə düşünmək imkanınız var. Bundan sonra kursunuz necə olacaq: yenə iddialı klublarda ehtiyatda qalan oyunçuları icarəyə götürəcəksiniz, yoxsa sizə uyğun futbolçularla müqavilə bağlamağı üstün tutacaqsınız?

- Biz öz siyasətimizi davam etdirəcəyik. “Sumqayıt”ın işi gənc və perspektivli futbolçuları üzə çıxartmaqdır. Ruslan Qurbanov, Elşən Abdullayev, Nurlan Novruzov, Slavik Alxasov kimi futbolçular “Sumqayıt”da tanındılar. Qış fasiləsində cəmi 4 oyunçu icarəyə götürdük. Əksər futbolçularımızla isə uzunmüddətli müqavilələrimiz var.

 

- Belə başa düşdük ki, artıq “Sumqayıt”  stabil heyət qurmaq istəyir...

- Bəli, bu barədə düşünürük.

 

- Lakin gənc yerli futbolçuları əldə saxlamaq elə də asan olmayacaq. Artıq oyunçularınız digər klublardan təkliflər var?

- Təbii, təklif var və həmişə də olub. Baxın, yerli oyunçularla bağlı limit artırılır. Həmin yerləri kimsə doldurmalıdır, yoxsa yox? “Gənc və perspektivli oyunçu yetişdiririk” ifadəsi şablona çevrilib. Bir çox klublarda bu baxımdan problemlər var. Ona görə də, “Sumqayıt”ın oyunçularına ehtiyac duyulur.

 

- “Sumqayıt” Topaz Premyer Liqasının sonuncu – XXV turunda evdə “Sumqayıt”a udusa da, oyundan sonra təşkil olunan mətbuat konfransında rəqib komandanın baş məşqçisi Kaxaber Sxadadze həmkarı Aqil Məmmədov barəsində xoş sözlər dedi. Bəs siz baş məşqçinizin işini necə qiymətləndirirsiniz? Növbəti mövsümdə onunla yola davam edəcəksiniz?

- Kaxaber Sxadadze Azərbaycana gəlmiş ən səviyyəli 2-3 mütəxəssisdən biridir. Bu gün bizim baş məşqçimiz haqda xoş söz deyirsə, işini yüksək qiymətləndirirsə, onun sözləri bizim üçün çox önəmlidir. Fürsətdən istifadə edib, ona təşəkkür edirəm. Aqil Məmmədova gəlincə, futbolçu karyerasını “Sumqayıt”da başa vurub, gedib məşqçi kursu keçib. Daha sonra əvəzedici heyətdə Vaqif Paşayevin, ardınca əsas komandada Bernard Raabın köməkçisi olub. Yəni, o, təsadüfi insan deyil, bütün mərhələləri keçmiş bir adamdı. Əsas heyətdə baş məşqçi qismində ilk mövsümünü keçirir və artıq işi ilə sübut edib ki, bizə lazımlı adamdır. Çempionata yaxşı başlamışdıq, evdə “Qəbələ”ni məğlub etdik, “Xəzər Lənkəran”, “Neftçi” kimi komandalarla heç-heçə oynadıq. Ancaq qışda “Sumqayıt”ı 12 futbolçu tərk etdi ki, bu da kifayət qədər ciddi rəqəmdir. Əvəzində 11 futbolçu gəldi. İndi özünüz düşünün 20 gün ərzində Premyer Liqa səviyyəsində komanda qurmaq olar? Amma Aqil bacardı. Məncə, yaxşı, diqqətəlayiq iş görüb. Çempionatın əvvəlində “Qəbələ”ni məğlub edən heyətlə “Neftçi”yə qalib gələn heyəti müqayisə edin, 7-8 dəyişiklik var. İndi özünüz qiymət verin – baş məşqçimizdən razı qalmalıyıq, yoxsa yox? Amma unutmayaq ki, baş məşqçinin işi cərrah işinə bənzəyir - səhvlərə yer yoxdur. 

0