“Əvvəlki kimi, şanslar bərabərdi. Qolsuz heç-heçə onu deməyə əsas verir ki, cavab oyunu daha maraqlı və gərgin keçəcək”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının qapıçısı İker Kasilyas deyib.
Çempionlar Liqasının ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “Atletiko”nun qonağı olan “kral klubu” qolsuz heç-heçəyə razılaşıb. Matçla bağlı fikirlərini bölüşən Kasilyas ilk hissədə daha yaxşı oynadıqlarını qeyd edib: “İnanıram ki, öz meydanımızda daha yaxşı oynayıb, yarımfinala adlayacağıq. Əslində “Visente Kalderon”da da üstün tərəf biz idik. Fasiləyə kimi daha yaxşı təsir bağışladıq. Ancaq Yan Oblakın fantastik qurtarışları hesabı açmağımıza mane oldu. Marselonun cəzalı duruma düşməsi bizim üçün böyük itkidi. Lakin baş məşqçinin ixtiyarında həmin mövqedə oynaya biləcək başqa futbolçular da var”.
Qeyd edək ki, “Real” və “Atletiko” arasında cavab görüşü aprelin 22-də keçiriləcək.