Dortmund “Borussiya”sının baş məşqçisi Yurgen Klopp qəribə açıqlama ilə diqqət çəkib. Apasport.az-ın Almaniya mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis Almaniya Kubokunda yarımfinal mərhələsinin püşkatmasını izləmədiyini bildirib.
Klopp yarımfinalda “Bavariya” ilə qarşılaşacaqlarını çoxdan bildiyi üçün püşkatma yerinə serial izlədiyini deyib: “Püşkatmanı izləməyimə ehtiyac yox idi. Çünki “Bavariya” ilə düşəcəyimizi bilirdim. Ondansa Amerika serialı olan “Law and Order”i izləmək daha maraqlı olardı, mən də belə etdim”.
Qeyd edək ki, Almaniya Kubokunun 1/4 final mərhələsində “Hoffenhaym”ı məğlub edən “Borussiya” aprelin 28-də yarımfinalda “Bavariya” ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da keçiriləcək.