Fevralın 1-də futbol üzrə Topaz Premyer Liqasında 2013-2014-cü il mövsümünün ikinci yarısı start götürəcək. Qış fasiləsi dövründə 10 elita klubumuzdan 8-i xaricdə, 2-si Azərbaycan daxilində hazırlıq keçməyə üstünlük verib. Ölkəmizdən kənara üz tutanlardan yalnız “Bakı” İspaniyanın Marbelya şəhərini seçib.
“Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Simurq”, “Xəzər Lənkəran” və “Rəvan” Türkiyənin Antalya bölgəsinə üz tutub. AZAL və “Sumqayıt” isə ölkə daxilində təlim-məşq toplantısı ilə kifayətlənib. Klublarımızın Antalya toplanışını yetərincə idman jurnalisti, eləcə də mütəxəssislər və hətta Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev izləyib. Lent.az hazırlıq prosesinin yekunlarını dəyərləndirmək üçün onların rəyini öyrənib.
Həmkarlarımız nə deyir?
Jurnalistlərdən apasport.az saytının əməkdaşı Vüqar Xeyrullyev Lent.az-a açıqlamasında bildirib ki, xaricə üz tutan 8 klubumuzdan yalnız “Rəvan” istisna olmaqla, digərləri ölkə xaricində kifayət qədər zaman keçiriblər. Bu da onların mövsümün ikinci yarısına daha yaxşı hazırlaşmasına imkan verib. Xeyrullayev izlədiyi oyunlardan da danışıb: “Toplanış çərçivəsindəki klublarımızdan 4-nün iştirakı ilə yoxlama matçında oldum. Belə matçlara əsasən fikir yürütmək həmişə çətindir. Çünki Antalyada qələbələri sıralayıb sonra çempionatda zəif çıxış edənləri də görmüşük, bunun əksini də. Bu matçlarda diqqəti çəkən əsas məqam o oldu ki, komandalarımız güclü rəqiblərlə qüvvəsini sınadı. “Neftçi”nin “Fənərbağça”, “Qarabağ”ın Buxarest “Dinamo”su, “Xəzər Lənkəran”ın “Gənclərbirliyi” kimi güclü rəqiblərlə matçlarını izləyə bildim. Belə rəqiblərlə qarşılaşmalarda bizimkilər heç də pis təsir bağışlamadı. Budəfəki hazırlıq prosesini millinin baş məşqçisi Berti Foqtsun da izlədiyi qeyd olunmalıdır”.
Transferlərə gəlincə, həmkarımız bildirib ki, ilk yarıdakı nəticələri qənaətbəxş olmayanlar daha çox fəallıq göstərib: “Bu da gözlənilən idi. Transferlərdə yerli gənclərə də marağın olması diqqət çəkdi. Amma bu, onların özlərini yaxşı tərəfdən göstərməsi ilə bağlı deyil”.
Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev isə Antalyada üç komandanı - "Qəbələ", "İnter" və "Neftçi"ni iş başında izləmək imkanı qazanıb. Məstəliyev onlardan son üç ilin çempionunu daha hazırlıqlı görüb: “İstedadlı futbolçuların çoxluğu "ağ-qaralar"ın növbəti dəfə qızıl qazanmaq şansını artırır. Bir az komanda oyunu baxımından çətinliklər var ki, o da bir müddətdən sonra düzələ bilər. "Qəbələ"də də eyni problem mövcuddur. Syominin əlinin altında yaxşı futbolçular var. Ancaq nədənsə komandanın oyunu bir qaydaya tabe olmur. Yəni meydanda nə etmək istədikləri anlaşılmır. "İnter" isə çempionata hazır deyil. Gənclərlə təcrübəlilərin vəhdətini tapmaqda çətinlik çəkən Tsxadadzenin hər halda bir məşqçi kimi bu problemi aradan qaldıracağına inam var”.
Həmkarımız klublarımızdan heç birinin səs-küylü transferə imza atmadıqlarını vurğulayıb: “Bu da təbiidir. Qışda yaxşı oyunçu tapmaq çətin məsələdir. Ancaq məhz qışda oyunçuların az transferi komandaların yalnız ölkə çempionatını düşündüyünü deməyə əsas verir. Avropa kuboklarında yaxşı heyət olması üçün indidən transferlər etmək, onların kollektivin bir üzvünə çevrilməsini təmin etmək gərəkdir. Buna şahidlik etmədik. Daxildəki nəticə xaricdəkindən üstün tutuldu”.
Ceyhun Sultanov: “Klublarımızın transfer siyasəti düzgün qurulmayıb”
“Bakı”nın seleksiyaçı-məşqçisi Ceyhun Sultanov isə Lent.az-a bildirib ki, Antalyadakı toplanışı klub rəhbərliyinin tapşırığı əsasında izləyib. O, komandalarımızın hazırlıq səviyyəsindən müəyyən qədər razı olsa da, onların heç birindən oyun anlamında irəliləyiş görmədiyini söyləyib: “Əvvəllər necə oynayırdılarsa, yenə elə çıxış etdilər. Mənə elə gəlir ki, çempionluq mübarizəsi qış fasiləsinə ilk 3 yerdə çıxan komandalar – “Qarabağ”, “Qəbələ” və “Neftçi” arasında gedəcək”.
Millimizin sabiq futbolçusu klublarımızda ciddi transferlərin olmamasına da diqqət çəkib: “Halbuki hansısa mövqelərdə boşluqlar varsa, yeni oyunçu mütləq alınmalıdır. Məsələn, “Qəbələ”yə. Düzdür, bu klub bir neçə futbolçu alıb, amma fikrimcə, onlar “Qəbələ”yə xeyir verməyəcəklər. Hər şeyi oyunlar göstərəcək”.
Sultanovun fikrincə, klublarımızın transfer siyasəti düzgün qurulmayıb: “Onlar yalnız fasilə müddətində hay-küyə düşürlər. Bu isə doğru addım deyil. Halbuki almaq istədiyin oyunçunu ilboyu izləməlisən. Çalışdığım “Bakı” klubunun qışda oyunçu almamasına gəldikdə, hələ bunu birmənalı söyləmək olmaz. Mümkündür ki, 1 oyunçu alaq”.
Ramin Musayev: “Məni görən kimi qaçıb gizləndilər”
R.Musayev isə Antalyada olduğu müddətdə 7 klubumuzun iştirakı ilə üst-üstə 15-dək oyuna baxıb. O,Lent.az-a açıqlamasında deyib ki, komandalarımızın hamısı yaxşı vəziyyətdədir: “Məsələn, “Simurq” yeni futbolçu almasa da, çox gözəl oyun nümayiş etdirdi. Mənə ləzzət elədi. “İnter” elə oyun sərgilədi ki, Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya da özü üçün qeydlər götürdü. Mən komandalarımızı bir-birindən ayıra bilmərəm. Mənfi cəhətlərini klub rəhbərlərinin özlərinə, daha doğrusu, kim mənimlə ünsiyyətdə olubsa, onlara demişəm. Elə klub rəsmisi var idi, məni görmədi, eləsi var idi, görən kimi öz əməllərindən utandığından, qaçıb gizləndi”.
Transferlərin azlığında gəldikdə, Musayevin fikrincə, klubların qışda mütləq yeni oyunçu almaları vacib deyil: “Məsələn, “Neftçi” 1 transferlə kifayətlənib, bundan artığını istəmir. Avropa kuboklarına can atan klublarımızın baş məşqçiləri komandadakı mövcud futbolçulara inanırlarsa, yeni transferlərə ciddi ehtiyac duymurlarsa, onların istəkləri ilə razılaşmalıyıq. Klublarımızın qış toplanışını necə keçdiklərini III dövrənin ilk 4 turundan sonra biləcəyik”.
PFL prezidenti İspaniyada təlim-məşq toplantısı keçən “Bakı”nın hazırlıq prosesini izləməsə də, vaxtilə “Neftçi”nin vitse-prezidenti olduğu vaxt “ağ-qaralar”ı bu ölkəyə aparıb. O, Antalya və Marbelya toplanışlarını da müqayisə edib: “Həmin vaxt Antalyadakı kimi yağış, tufanla üzləşməmişdik. Türkiyədə isə özümüzü Azərbaycandakı kimi hiss edirik. Yaxın, qardaş ölkədir, viza almaq lazım olmur. Baxışa oyunçu çağırmaq asandır. İspaniyada bunları etmək müəyyən çətinliklər bahasına başa gəlir. “Neftçi”ni bu ölkəyə aparmaqda xüsusi məqsədimiz yox idi. Sadəcə, İspaniyanı da sınaqdan çıxarmaq istəyirdik”.