“İndi qrupda 3 komandanın 4 xalı var. Bu, vəziyyəti çətinləşdirir”. Apasport.az xəbər verir ki, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Fransız klubunun çalışdırıcısı dünən “İnter”ə qarşı (1:1) keçirdikləri oyundan sonra jurnalistlər önünə çıxıb. O bildirib ki, noyabrın 27-də “Qarabağ”la oynayacaqları qarşılaşmanı yarımfinal da adlandırmaq olar: “Biz heç nədən əlimizi üzməmişik. Düzdü, qrupda qələbəmiz yoxdu, amma xallarımız “Qarabağ” və “Dnepr”lə eynidi. “İnter” isə daha çox xal toplayıb və onların növbəti mərhələyə keçəcəyi 90 faiz həll olunub. Qalır digər komandanın kim olacağı. Fikrimcə, gələn tur qrupda yarımfinal, son turda isə final qarşılaşmaları olacaq. Bizim üçün “Qarabağ”la keçirəcəyimiz oyun doğurdan da çox vacibdi. Məhz onları məğlub edə bilsək, növbəti mərhələ yolunda böyük addım atacağıq”.
Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” qarşılaşması noyabrın 27-də Fransada baş tutacaq.