“Futbolçulara oyunun ağır keçəcəyi ilə bağlı xəbərdarlıq etmişdim. Oyunun ilk dəqiqələrində qapımıza penaltinin təyin edilməsi və azlıqda qalmağımız işlərimizi daha da çətinləşdirdi. Bu cür vəziyyətdə meydanda döyüşçüləri görməli idik. Ancaq mən onları görmədim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku deyib.
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində “Bavariya”ya 0:7 hesabı ilə uduzan donetsklilərin çalışdırıcısı biabırçı məğlubiyyəti şərh edib. Luçesku bu nəticəyə görə utandığını bildirib: “Fasilədə komandaya dedim ki, çətin olsa da, imicinizə görə sona qədər döyüşməlisiz. Dario Srna zədə aldığı vaxt daha bir qol buraxdıq. Bundan sonra isə meydanda bizim komanda görünmürdü. Bütün komponentlərdə rəqibə uduzduq. Bu, karyeramda ən utandırıcı məğlubiyyətdi”.
Qeyd edək ki, bu komandalar arasında 1/8 final mərhələsinin ilk oyunu qolsuz bərabərliklə yekunlaşmışdı.