“De Xeanın durumu məni də narahat edir. Yekun qərarı özü verməlidi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Mançester Yunayted” klubunun baş məşqçisi Lui van Qal deyib.
“Mankunianlar”ın qapıçısı David De Xeanın yayda Madrid “Real”ına keçəcəyi ilə bağlı yayılan xəbərlər səngimək bilmir. 25 yaşlı çərçivə qoruyucusunun “kral klubu” ilə razılığa gəldiyi, “Real”ın bu transferə 40 milyon avro xərcləyəcəyi bildirilir.
Van Qal ispaniyalı qolkiperin “Mançester Yunayted”dən ayrılmasını istəmir: “De Xea İspaniya yığmasının üzvüdü, hələ də İker Kasilyasın kölgəsində qalır. Valideynləri, demək olar ki, hər həftə Mançesterə gəlirlər. Bundan əlavə, sevgilisi də ispandı. Bunlar Davidə çətinlik yaradır, başa düşürəm. Onu razı salacağıma inanmıram. “Mançester Yunayted” üçün necə əhəmiyyətli futbolçu olduğunu De Xea özü yaxşı başa düşür ki. Fanatların ona olan sevgisindən də xəbərdardı. “Mançester Yunayted”dən ayrılsa, çox şey itirəcək. Bu mənada, doğru qərar verməlidi”.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan De Xea 2011-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, hazırkı komandasının heyətində ümumilikdə 175 oyun keçirib.