Mahmud Qurbanov: Onun necə futbolçu olduğunu yaxşı bilirəm - MÜSAHİBƏ
28.10.2014 - 14:34
Mahmud Qurbanov: Onun necə futbolçu olduğunu yaxşı bilirəm - MÜSAHİBƏ

Azərbaycan yığmasının baş məşqçisi səlahiyyətlərini müvəqqəti icra edən Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

 

- “Elazığspor”da forma geyinən Cavid İmamverdiyevi izləmək üçün Türkiyəyə yollanmışdınız. Onun komandasının “Samsunspor”a qarşı keçirdiyi matça baxdınız. Bu futbolçu haqqında sizdə hansı fikirlər yarandı?

- Cavid həmin qarşılaşmada cəmi 46 dəqiqə meydanda oldu. Normal çıxış etdi. Çoxdandı Cavidin necə oynadığını görməmişdim. Hiss olunur ki, bu futbolçuda irəliləyiş var. Mən gördüyüm matçda yaxşı çıxış etdi.

 

- Yəni, gənc yarımmüdafiəçinin oyunu sizi razı saldı...

- Razı saldı deyəndə ki, çoxdan görmədiyim üçün onu izləmək istəyirdim. İmamverdiyev haqqında tam qərarı qarşıdakı günlərdə verəcəyik. İndi nəsə demək düzgün olmaz.

 

- Qardaş ölkəyə yenə də belə səfərləriniz reallaşacaq? Türkiyənin I dəstəsində oynayan digər futbolçularımız – Vaqif Cavadov, Mahir Şükürov və Rəhman Hacıyevi izləyəcəksiniz?

- Mahir Şükürov və Vaqif Cavadov haqqında məlumatımız var. Onlar İtaliya və Xorvatiyaya qarşı oyunları çıxsaq, həmişə milliyə dəvət alıblar. Amma Cavid İmamverdiyev haqqında heç nə bilmirdik. Ona görə də təkcə bu futbolçunu izlədim. Qarşıda hələ oyunlar var. Çalışacağıq ki, növbəti matçları da izləyək.

 

- Türkiyənin aşağı dəstəsində və Superliqada yığmamızda çıxış edən legionerlər oynayır. Məsələn, “Manisaspor”da Branimir Subaşiç, “Qazientep BB”də Ufuk Budak və “Sivasspor”da Cihan Özkara top qovur. Bu futbolçuların oyunlarına baxmaq fikriniz var?

- Onların yığmada oynamaq şansı var. Millinin qapısı onların üzünə açıqdı. Yəqin ki, bu oyunçuların da çıxışını izləyəcəyik.

 

- Bir müddət öncə demişdiniz ki, Dimitri Nazarovdan başqa yığmaya milliləşdirilmiş futbolçu dəvət etməyəcəksiniz...

- Yox, kimisə ayırmaq fikrim yoxdu. Hansı futbolçular özlərini yaxşı tərəfdən göstərəcəksə, yığmanın formasını geyinəcək. Heyət açıqlananda hər şeyi görəcəksiniz.

 

- Millinin heyətində yeni simalar görə biləcəyik?

- İndidən nəsə demək çətindi. Yeni simalar ola da bilər, olmaya da. Mən heyəti sizə deyə bilmərəm.

 

- “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rəşad Sadiqov sabit çıxış etsə də, Berti Foqts onu yığmaya dəvət etmirdi. Siz onun haqqında nə düşünürsünüz?

- Mən Rəşadla bir yerdə oynamışam və onun necə futbolçu olduğunu yaxşı bilirəm. Amma yenə deyirəm ki, bu barədə suallarınıza cavab tapmaq üçün heyətin açıqlanmasını gözləyin.

 

- Sabah Topaz Premyer Liqasında X turun oyunları keçiriləcək. Hansı qarşılaşmaları izləmək fikriniz var?

- Hələ dəqiqləşdirməmişəm. Maraqlı oyunlar var. Seçib baxacağıq.

 

Elsevər MƏMMƏDOV 

0