Mahmud Qurbanov: U-21-lə oyunda göründü ki, çatışmayan cəhətlərimiz var
10.11.2014 - 17:20
Mahmud Qurbanov: U-21-lə oyunda göründü ki, çatışmayan cəhətlərimiz var

“Yoldaşlıq oyununu qələbə ilə başa vurduq. Sabahdan (bugündən) digər futbolçularımız da milliyə qoşulacaq. Amma hamılıqla noyabrın 12-də məşq edəcəyik və Norveçlə ayın 16-dakı oyuna hazırlaşacağıq”. Apasport.az saytının məlumatına görə, bunu millimizin baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanov deyib.

Millimiz dünən U-21-lə yoldaşlıq oyunu keçirib. Görüş əsas yığmanın 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bu oyundan sonra Mahmud Qurbanov hazırlıq, Norveçlə oyun və Rəhman Hacıyevin düşərgəyə deyildiyi vaxtdan erkən qayıtması ilə bağlı danışıb: “Bu mərhələdəki hazırlığı normal qiymətləndirirəm. Amma U-21-lə oyunda göründü ki, çatışmayan cəhətlərimiz var. Çalışacağıq ki, qarşıdakı məşqlərdə bunun üzərində işləyək ki, səhvlərimiz az olsun. Futbolda proqnoz vermək olmur. Çünki futbolçular 90 dəqiqə oynayır və burda nə baş verəcəyini əvvəldən bilmək mümkün deyil. Çalışacağıq ki, Norveçə qarşı normal, yaxşı futbol göstərə bilən komanda quraq. Rəhman Hacıyevin milliyə erkən qayıtması onun “Qaziantep BB”nin “18-liy”inə salınmaması ilə bağlıdı. Ona görə də onu milliyə deyildiyi vaxtdan erkən çağırdıq”.

Qeyd edək ki, Vaqif Cavadov və Ufuk Budakdan fərqli, Rəhman Hacıyev komandasının “Osmanlıspor”la oyunu üçün Ankaraya aparılmayıb və bu görüş 2:2 hesabı ilə başa çatıb.