“Qəbələ”nin braziliyalı yarımmüdafiəçisi Markus Vidalın (Markinyoş) apasport.az saytına müsahibəsi
- “Qəbələ”dəki ilk 3 oyununuz barədə nə deyə bilərsiniz? Çıxışınızdan razı qalırsınız?
- Transfer vərəqəm gəldikdən sonra 3 oyunda meydana çıxdım. Mənim ilk oyunlarım olduğu üçün bir az uyğunlaşmağa ehtiyacım var idi. Yenə də matçlarda pis oynamadım. Sadəcə qol vurmamışam. İstəyirəm ki, “Qəbələ”nin heyətində qollarımla fərqlənim. Qarşıdakı turlarda əsas məqsədim budur.
- Topaz Premyer Liqasının V turunda “Simurq”la qarşılaşacaqsınız. Rəqibinizin mövsümə uğurlu başladığını və sizin səfərdə oynadığınızı nəzərə alsaq, çətin olacaq...
- Çox çətin olacaq. “Simurq” doğma meydanında yaxşı futbol göstərir və hər bir rəqibə başağrısı olub. Onlar “Xəzər Lənkəran” kimi komandanı da doğma meydanda məğlub etmişdilər. Süni örtüklü stadionda oynadığımızı da nəzərə alsaq, bizim üçün heç asan olmayacaq. Amma son oyundakı uğursuzluğu unutdurmalıyıq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- “Qəbələ” çempionatın 4 oyununun ikisini udub, iki matçda isə məğlub olub. Bu nəticəni komanda üçün normal saymaq olar?
- Daha yaxşı nəticələrə imza ata bilərdik. Amma bu komandada çox dəyişikliklər olub. Ona görə də gözləmək lazımdır. Heç kim 4 oyuna görə bizə qiymət verməsin. Qarşıda hələ çox matçlarımız olacaq. İnanıram ki, “Qəbələ” öz gücünü sübut edəcək.
- AZAL-a məğlub olmağınıza səbəb nə idi?
- Bilmirəm. Həmin oyunda komandamız çox yaxşı çıxış etdi. Əlimizə o qədər qol imkanları düşdü. Amma yararlana bilmədik. Rəqib isə penaltidən hesabı açdı. Bundan sonra da biz meydanda üstün tərəf idik, oyuna daha çox nəzarət edirdik. Amma alınmadı. Son dəqiqələrdə də qapımızda gözlənilməz qol gördük. Bir qolun əvəzin çıxsaq da, bundan artığını edə bilmədik. Sadəcə demək istəyirəm ki, məğlubiyyətə layiq deyildik.
- “Qəbələ”nin hücum xəttində yetərincə hücumçu olsa da, komanda qol vurmaqda əziyyət çəkir...
- Düşünürəm ki, ilk oyunlar olduğu üçün belə alınır. Komanda tam özünə gəldikdən sonra hər şey fərqli olacaq. Biz daha çox qollar vuracağıq. Çünki doğrudan da komandamızın hücum xəttində yaxşı futbolçular çıxış edir.
- Azərbaycanda oynadığınız ilk mövsümdür. Çempionatımız haqqında sizdə hansı fikirlər yarandı?
- Öz oynadığım “Qəbələ” klubunun çox gözəl bazası və şəraiti var. Burada futbol oynamaq üçün bütün imkanlar yaradılıb. Başqa güclü komandalar da var. “Neftçi”, “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” kimi komandalar var. Düşünürəm ki, burda ildən-ilə futbol inkişaf edir. Qarşıdakı illərdə daha yaxşı nəticələr olacaq.
Elsevər MƏMMƏDOV