Marko Erqolessi: Azərbaycan yığması haqda düşünmürük
30.01.2014 - 09:32
Marko Erqolessi: Azərbaycan yığması haqda düşünmürük

“Sloveniya öz oyununu nümayiş etdirdi. Onlar öz güclü tərəflərini göstərdilər. Biz isə əsl İtaliya yığması kimi oynaya bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının futzalçısı Marko Erqolessi deyib.

 

Avropa çempionatının final mərhələsinin ilk turunda Sloveniyaya 2:3 hesabı ilə uduzan apeninlilərin üzvü matç haqda fikirlərini açıqlayıb: “Rəqibə bizi cəzalandırmaq imkanı yaratdıq. Meydanda İtaliya yığması yox idi. İndi növbəti matça köklənəcəyik. Çalışacağıq ki, Azərbaycanla matçda əsl komandamızın nəyə qadir olduğunu göstərək”.

 

Azərbaycan yığması ilə eyni qrupda yer alan sabiq qitə çempionları mərhələ adlamaq iddiasındadırlar. Bunun üçün fevralın 2-də yığmamızla baş tutacaq qarşılaşmanın əhəmiyyəti böyükdür: “Azərbaycan yaxşı komandadır. Lakin indi kiminlə qarşılaşacağımızı düşünməməliyik. Artıq özümüzlə mübarizə aparmalıyıq ki, bacardığımızı göstərək. Azərbaycanı məğlub etməklə pis oyunumuzu ört-basdır etməliyik. Komandalar gündən-günə güclənir. Artıq Avropada 3 nəhəngin olduğunu demək olmaz. Bu üzdən biz də heç vaxt 1/4 finalda kiminlə qarşılaşacağımız haqda düşünməmişik. İndi bizi mərhələ adlamaq düşündürür”.