UEFA yeni bir layihə həyata keçirməyə çalışır. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, qitə futbol qurumu NBA-da olduğu kimi, hər il “All-Star” oyunu təşkil etmək üçün danışıqlara başlayıb.
NBA-da Şərq və Qərb konferansı arasında oyun keçirilirsə, UEFA hər il Şimal – Cənub qarşılaşmaları təşkil edəcək. Şimal komandasında İngiltərə Premyer Liqasında, Almaniya Bundesliqasında və Rusiya Premyer Liqasında çıxış edən futbolçular yer alacaqsa, Cənub komandasının heyəti La Liqa (İspaniya), Liqa 1 (Fransa) və A seriyasında (İtaliya) top qovan ulduzlardan ibarət olacaq. Bir klubdan maksimum 3 oyunçunun dəvət edilməsi gündəmdədi.
Bu isə o deməkdi ki, azarkeşlərin uzun illərdi “Ronaldo ilə Messi eyni komandada yer alsa necə olar?” sualına cavab tapılacaq. UEFA “All-Star” oyunlarını 2017-ci ildən təşkil etməyi planlaşdırır və nəhəng klublara bu barədə artıq məlumat verilib.
İspaniya KİV-i isə “turnir indi keçirilsə, komandalar hansı futbolçulardan qurulardı?” sualına şəkildə göstərilən heyətlə cavab tapmağa çalışıb.